Sahibkartv.az xəbər verir ki, Avstraliyada kənd təsərrüfatı sahəsində tətbiq edilən innovativ "Aİ Çoban" sistemi qoyunçuluqda inqilab yaradıb. Bu texnologiya süni intellektlə təchiz olunmuş dronlar vasitəsilə iri ərazilərdəki qoyun sürülərini izləyir, istiqamətləndirir və davranışlarını təhlil edir. Dronlar əraziyə daimi nəzarət edir, sürünün hərəkət trayektoriyasını müəyyənləşdirir, sürüdən ayrı düşən və ya xəstəlik əlamətləri göstərən heyvanları avtomatik olaraq qeyd edir və təsərrüfat sahibinə real vaxtda bildiriş göndərir.
Aİ sistemləri eyni zamanda heyvanların stress səviyyəsini qiymətləndirərək optimal otarılma marşrutları təklif edir, bu da məhsuldarlığın və ət keyfiyyətinin artmasına səbəb olur. Ənənəvi çobanlıq metodları ilə müqayisədə bu texnologiya həm işçi qüvvəsinə olan ehtiyacı azaldır, həm də heyvan itkilərinin qarşısını alır.
Avstraliyanın YYeni Uels və Viktoriya əyalətlərində sınaqdan keçirilən sistem ilk nəticələrə görə, qoyun itkisini 60%-ə qədər azaldıb və otlaq sahələrinin daha səmərəli istifadəsinə imkan yaradıb. Bundan əlavə, bu texnologiya təbii fəlakətlər zamanı sürülərin təhlükəsiz ərazilərə yönləndirilməsində də istifadə olunur.
Ekspertlər bildirirlər ki, “Aİ Çoban” sistemi təkcə Avstraliyada deyil, eyni zamanda Yeni Zelandiya, Argentina və ABŞ kimi geniş əraziyə malik ölkələrdə də tətbiq edilə bilər və gələcəkdə süni intellektin heyvandarlıqda əsas idarəetmə vasitəsinə çevriləcəyi gözlənilir.





































