Day, Month 00, Year
00: 00: 00 AM
Pandemiya şəraitinin makroiqtisadi inkişafa tesiri

Dünyada koronavirus pandemiyasının geniş yayılması, dünya ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərməklə yanaşı ölkə iqtisadiyyatına da təsirsiz ötüşməmişdir. Pandemiyanın təsirlərinin ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmış və bu istiqamətdə zəruri tənzimləyici tədbirlər həyata keçirilmişdir. Pandemiyanın və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, iş yerlərinin və sosial sabitliyin qorunması, iqtisadi şəffaflığın artırılması, işgüzar fəallığın qorunmasına vergi stimullarının verilməsi, iqtisadiyyata və sahibkarlığa dövlətin kredit-zəmanət dəstəyinin verilməsi, güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanının genişləndirilməsi və post-pandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir. Eyni zamanda, pandemiya səbəbi ilə ölkə iqtisadiyyatına və sahibkarlara dəyən zərərin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində müvafiq dəyişiklik edilərək, 1 yanvar 2020-ci il tarixdən bir il müddətinə olan dövr ərzində, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə əmlak və torpaq vergisi üzrə müddətli azadolmalar verilmiş, əldə edilən mənfəətin 75 faizi miqdarında vergi güzəştləri tətbiq edilmiş və digər vergi güzətləri verilmişdir. Ümumilikdə, koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məqsədilə iqtisadiyyata dəstək proqramının ümumi dəyəri 3.5 milyard manat təşkil etmişdir. Bütün yuxarıda qeyd edilənlər, pandemiyanın sahibkarlığın inkişafına və əhalinin həyat səviyyəsinə təsirinin minimum səviyyəyə endirilməsinə imkan vermişdir. Həyata keçirilən kompleks tədbirlər iqtisadiyyatımızın sürətli geriləməsinin qarşısını almağa imkan vermiş və nəticədə cari ilin yanvar-sentyabr ayları ərzində ötən ilin müvafiq dövrünə nisbətən ÜDM 3.9 faiz azalmışdır. Geriləməyə əsas səbəb OPEC+ ölkələri üzrə hasilatın azaldılması barədə öhdəliklərin ölkəmiz tərəfindən tam icra edilməsi olmuş və nəticədə neft-qaz sektoru üzrə 2020-ci ilin yanvar-sentyabr aylarında 2019-ci ilinmüvafiq dövrünə nisbətən 6.4% azalma qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 30.3% olmuşdur. ÜDM-in qeyri-neft sektoru isə 2020-ci ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə cəmi 2.4% azalmışdır (2019-ci ilin yanvar-sentyabr aylarında 3.5% artmışdır). Həmin dövr ərzində qeyri-neft sənayesi 10.5%, informasiya və rabitə sahəsi 2.7%, kənd təsərrüfatı 1.5%, nəqliyyat və anbar təsərrüfatı 5.5% artmışdır. Pandemiya ölkə iqtisadiyyatında ən çox turizm sektoruna mənfi təsir göstərmiş və nəticədə cari ilin yanvar-sentyabr aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşəsahəsi üzrə 55.5 faiz azalma qeydə alınmışdır. Ölkədə inflyasiyanın faktiki səviyyəsinin və qiymət artımı gözləntilərinin aşağı olaraq qalması hazırki dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanmasını şərtləndirən əsas amillərdən olmuşdur. Əsas kapitala qoyulmuş vəsaitin 63.9%-ni daxili investisiyalar, 36.1%-ni isə xarici investisiyalar təşkil etmişdir. Müvafiq dövrdə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 6039.0 milyon manatı (57.9%-i) qeyri-neft bölməsinin, 4391.2 milyon manatı (42.1%-i) isə neft bölməsinin payına düşmüşdür. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 15667.8 milyon ABŞ dolları, cümlədən ixrac 8977.3 milyon ABŞ dolları, idxal isə 6690.5 milyon ABŞ dolları olmuş və 2286.8 milyon ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır. 2020-ci ilin 30 sentyabr tarixinə iqtisadiyyata maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin həcmi əvvəlki ilin müvafiq tarixinə nisbətən 4.4% artaraq 14873.7 milyon manat təşkil etmişdir. 2020-ci ilin 30 sentyabr tarixinə milli valyutada verilən kreditlərin həcmi əvvəlki ilin müavfiq tarixi ilə müqayisədə 8.9% artmış, xarici valyutada verilən kreditlərin həcmi isə 4.2% azalmışdır. 


Tarix: 2-12-2020, 15:41 Oxunub: 237


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı