Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəhid övladı: Atamla fəxr edirəm, Vətənimizi, bizi qorudu

Baxış: 163
Şəhid övladı: Atamla fəxr edirəm, Vətənimizi, bizi qorudu


Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq, mərdlik, şücaət nümunəsi göstərdi. Xalqımızın igid övladları gözlərini belə qırpmadan şəhidlik zirvəsinə yüksələrək sübut etdilər ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz torpaqlarımızın hər qarışı Vətəndir və Vətəndən pay olmaz.

AZƏRTAC- xəbər verir ki, canını yurda qurban verən rəşadətli oğullardan biri də Vüsal Məmmədov oldu.



Şəhid Məmmədov Vüsal Aydın oğlu 1989-cu il aprelin 8-də Şəmkir rayonunun Abbaslı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda Milli Konservatoriyanın Muğam fakültəsində təhsil alıb. Həqiqi hərbi xidmət borcunu da ödəyən Vüsal Məmmədov hər zaman vətənpərvərliyi, yurda sevgisi ilə tanınıb. Şəhidin həyat yoldaşı Gülgəz Məmmədova deyir ki, torpaqlarımızın işğal altında olması ilə barışmayan Vüsal musiqi sahəsindən uzaqlaşaraq 2014-cü ildə hərbi sahəyə yönəlib. Kişik çavuş Tovuz döyüşlərində fəallıq nümayiş etdirib. Vətən müharibəsində isə Murov uğrunda gedən döyüşlərdə iştirak edib. Çox sayda yaralı əsgərin döyüş xəttindən çıxarılmasında böyük qəhrəmanlıqlar göstərib. Hərbçi daha sonra Kəlbəcər, Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə də şücaət nümayiş etdirib. Vüsal Məmmədov oktyabrın 29-da Füzulidə şəhid olub.



“Sonuncu dəfə gələndə uşaqlarını öpdü, vidalaşdı. Elə bil öləcəyini bilirdi. Şəhid olan komandirinin papağını başına qoymuşdu, bununla qürur duyurdu. Telefonla danışanda isə dedi ki, “hər şey yaxşı olacaq, döyüşlər yaxşı gedir, narahat olmayın”. Oktyabrın 29-u vurulub, dekabrın 15-i dəfn edilib. Qarşıya təminat aparmaq üçün maşına minəndə deyib ki, “maşın mənim deyil, ölsəm, maşının sahibi deyəcək ölümümü əlimdən aldı”, - deyə Gülgəz Məmmədova söyləyir.

Şəhidin övladları Nuran və Nuray da ataları ilə qürur duyurlar. “Atamla fəxr edirəm ki, o, bizim Vətənimizi, bizi qorudu. Düşmənlərlə savaşdı. Mən də böyüyəndə atama layiqli övlad olacağam”, - deyə Nuran Məmmədov bildirir.



Şəhid Vüsal Məmmədov Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.