Day, Month 00, Year
00: 00: 00 AM
“Azərxalça” Formula 1 Azərbaycan Qran-Prisinin qonaqlarını xalçaçılıq sənəti ilə tanış edib

Formula 1 Azərbaycan Qran-Prisində Bakıdakı yarış ərazisində “Azərxalça” ASC tərəfindən yaradılan milli guşə Azərbaycanın ənənəvi incəsənətini və müasir idman dünyasını birləşdirən unikal layihədir.

“Azərxalça” ASC-dən  bildirilib ki, bir neçə hissədən ibarət olan bu guşənin yaradılmasının əsas məqsədi Azərbaycan mədəni irsinin zənginliyini Formula 1 həyəcanı ilə vəhdətdə təqdim etməkdir. Milli pavilyonunun əsas diqqət mərkəzi Azərbaycanın dünya miqyasında tanınan sənət növlərindən biri olan qədim xalçaçılıq sənətidir. 

“Azərxalça” ASC yarışlarda əsas iki istiqamətdə fəaliyyət göstərir. Mərkəzi kompozisiya məşhur meksikalı yarışçı Sergio Perezə həsr olunub, onu şərəfinə xalça toxunub. Səbəb isə məhz Perezin Formula 1 Azərbaycan Qran-Prisinin iki dəfə qalibi olmasıdır. Xalçanın ən diqqətçəkən elementi Sergio Perezin kuboku əlində tutduğu müasir üslubda hazırlanmış portretidir. Bu portret ənənəvi xalça motivləri ilə birləşərək, həm qədim Azərbaycan xalçaçılıq sənətinə, həm də müasir idman dünyasının təmsilçilərinə dərin ehtiram göstərir.

Arxa fon kimi istifadə olunan Qarabağın məşhur "Əjdaha" xalçası xüsusi diqqətə layiqdir. Bu xalça Azərbaycanın mədəniyyətində əhəmiyyətli yer tutur və güc, qoruma, həmçinin rifahın simvoludur. Lakin bu xalça ənənəvi rəng paletindən fərqli olaraq Meksika bayrağının yaşıl və sarı rənglərində hazırlanıb. Xalçada yaşılın müxtəlif tonları və sarı rənglər istifadə edilib ki, bu da Sergio Perezin Meksika köklərinə bir ehtiramı göstərir.

Xalça unikal çərçivədə – qutuda təqdim olunur və bu qutu əsl xalçalarla bəzədilib. Bu xalçalar üzərində Formula 1-in əsas ornamentləri və simvolları öz əksini tapır. Qutunun dizaynı Azərbaycanın xalçaçılıq ənənələrinin müasir yarış simvolikası ilə sintezini nümayiş etdirir. Eyni üslubda hazırlanmış kubok qutusu da diqqətəlayiqdir. Hər iki qutu ənənəvi Azərbaycan naxışlarını müasir idman atributları ilə birləşdirərək, həm sənətkarlıq, həm də müasir idman ruhunu yaşadır. Xalçanın özü təbii ipək və yun materiallarından hazırlanıb və unikal relyefli 3D texnika ilə toxunub. Bu texnika xalçaya xüsusi dərinlik və həcm qatır, naxışlar və motivlər daha aydın və gözoxşayan formada görünür. Belə dekorasiya tədbirin milli-mədəni kontekstini Formula 1-in qlobal səhnəsinə çıxarır, yarışın simvollarını Azərbaycan xalçaçılığının zəngin ornamentləri ilə ifadə edir. Təbii materialların istifadəsi xalçanın keyfiyyətini və davamlılığını artırır, onu həm estetik, həm də funksional baxımdan yüksək dəyərli bir sənət əsərinə çevirir. 

Sergio Perezin şərəfinə toxunan xalçanın sentyabrın 14-də möhtəşəm təqdimat mərasimi baş tutdu, idmançı özü mərasimdə iştirak etdi, gözəl və dəyərli hədiyyə üçün hər kəsə təşəkkürünü bildirdi.

Bu cür mədəniyyətlərarası dialoq, xalçaçılıq sənətinin və Formula 1-in simvolikasının birləşdirilməsi, həm Azərbaycanın zəngin mədəni irsini, həm də qlobal idman dünyasında tanınan təmsilçiliyi bir araya gətirir. Milli guşə həm yerli, həm də xarici qonaqlar üçün Azərbaycanın ənənələrini və müasir dövrdə dünya ilə olan əlaqələrini dərk etməyə və hiss etməyə imkan yaradır. 

Guşənin ən maraq doğuran cəhətlərindən biri də həm yerli, həm də xarici qonaqların Formula 1 şərəfinə toxunan xalçaya ilmə ata bilmə imkanın olmasıdır. Tədbir qonaqları xalça toxuma prosesində birbaşa iştirak edə və öz əlləri ilə bir neçə ilmə bağlaya bilərlər. Bu proses iştirakçılara xalçaçılıq sənətinin nə qədər incə və zəhmət tələb edən olduğunu göstərir, eyni zamanda onları ənənəvi sənətkarlığın bir hissəsinə çevirir. Tədbirdə dəzgahda təqdim olunan xalça Formula 1-in loqosunun təsvirini əks etdirir. Bu xalçada iki əsas – ağ və qırmızı rənglərdən istifadə olunub. Bu sadə və gözoxşayan rəng seçimi, Formula 1-in ikonik loqosunun təravətli və müasir versiyasını təqdim edir, eyni zamanda bu təmsil olunan dizaynın müxtəliflik və dinamizmini vurğulayır.

Sonda “Azərxalça” ASC -nin toxucusu və qonaqlar tərəfindən toxunan xalça Formula 1 muzeyinə hədiyyə olunacaq.



Tarix: 14-09-2024, 15:14 Oxunub: 30


Bölməyə aid digər xəbərlər