Day, Month 00, Year
00: 00: 00 AM
Muzeyləri ziyarət edənlərin sayında artım müşahidə olunur

Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn turistlər daha çox tarix və mədəniyyət abidələri olan məkanlara üz tutur, müxtəlif təyinatlı muzeyləri ziyarət edirlər. Paytaxtın muzey və tarixi abidələri şəhərimizin qonaqlarının daha çox maraq dairəsindədir.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın verdiyi məlumata görə, ilin birinci yarısının statistikasına əsasən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 5 min 668 nəfər ziyarətçisi olub. Onlardan 350 nəfərini xarici ziyarətçilər təşkil edib. Ümumilikdə muzeydə 523 ekskursiya aparılıb.

Direktor deyib: “Muzeyin tabeliyində üç ev muzeyi fəaliyyət göstərir. İlin birinci yarısı ərzində Qara Qarayevin ev-muzeyinə 594 nəfər ziyarətçi gəlib, onlardan 44-ü xarici ziyarətçi olub, 87 ekskursiya aparılıb. Niyazinin mənzil-muzeyini 728 nəfər ziyarət edib, onlardan 19-u xarici ziyarətçi olub, 66 ekskursiya aparılıb. Vaqif Mustafazadənin ev-muzeyinə isə 603 nəfər ziyarətçi gəlib, onlardan 89-u xarici ziyarətçi olub, 28 ekskursiya aparılıb. Bundan başqa, muzeydə təşkil edilən xalq çalğı alətləri daimi sərgisinə 495 ziyarətçi gəlib, 20 ekskursiya aparılıb. Bütün bunları nəzərə alaraq demək olar ki, bu ilin birinci yarısında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və onun filiallarına, ümumilikdə 8 min 88 ziyarətçi gəlib və onlardan 502-si xarici qonaqlardan ibarət olub.

İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli də bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə ziyarətçi axınında artım müşahidə edildiyini bildirib: “Orta və ali məktəblərin fəaliyyəti dövründə muzeyimizə kütləvi marağın artdığı müşahidə edilib. Yəni bu il şagird və tələblərin muzeyi ziyarətlərində artım olub. Turizm ölkəsinə çevrilən Azərbaycanda xarici qonaqların sayında da artım nəzərə çarpır. Muzeydə yerli və xarici qonaqlara Azərbaycan, rus və ingilis dilində informasiyalar çatdırılır və heç bir ziyarətçi buradan məlumatsız gedə bilməz. Son altı ay ərzində muzeydə 192 ekskursiya aparılıb. Həmin müddətdə təxminən 5 minə yaxın yerli ziyarətçi – məktəbli, şəhid ailələri, hərbi qulluqçu və 750-dək xarici turist muzeyi ziyarət edib”.

Milli Azərbaycan Tarixi Muzeyinin beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zümrüd İsmayılova təmsil etdiyi qurumun ekspozisiyalarına ziyarətçi marağının artdığını və ötən illə müqayisədə bu il daha dinamikliyin olduğunu söyləyib: “İndiyədək 9 min 730 ziyarətçi muzeyimizin qonağı olub. Ziyarətçilər arasında xarici ölkə vətəndaşları da var. İstər turistlərin, istərsə də ekspedisiyaların sayında əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. Aprel ayında muzeyin yeni ekspozisiyası təqdim edilib. Yeni ekspozisiya birinci və ikinci mərtəbələri əhatə etməklə, ümumilikdə, 26 zaldan ibarətdir. Birinci mərtəbədə tarixin ən qədim çağlarından XIX əsrin əvvəllərinə qədər olan, ikinci mərtəbədə isə XIX əsrin ikinci yarısından indiyədək olan dövrlər nümayiş edilir. Muzeyə olan marağın artmasına və turist sayına təsir edən amillərdən ən başlıcası yeni ekspozisiyanın fəaliyyətidir”. 


Tarix: 24-07-2024, 11:44 Oxunub: 65


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı