Day, Month 00, Year
00: 00: 00 AM
Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. 
Xidmətdən Sahibkartv.az-a daxil olmuş məlumata görə, Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri 20 aprel 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 2 may 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.
İddiaçıların təkliflər paketlərini 12 may 2022-ci il tarixində müsabiqə keçirilən zaman müsabiqə komissiyası açacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.


Tarix: 6-04-2022, 11:04 Oxunub: 215


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı