Day, Month 00, Year
00: 00: 00 AM
Goranboyda Qafqazın qədim unikal abidəsi aşkarlandı

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi tədqiqatların aparılmasına dair anlaşma memorandumuna əsasən, Goranboy rayonunun Qaraçinar kəndi ərazisində arxeoloji araşdırmalara başlanılıb. 
Arxeoloqlar – Müzəffər Hüseynov, Bəxtiyar Cəlilov və onların fransalı həmkarı Culio Palumbinin rəhbərlik etdiyi beynəlxalq arxeoloji ekspedisiyanın apardığı qazıntıların ilkin nəticələrinə görə, Qaraçinar abidəsi Eneolit, İlk Tunc, Antik və Orta əsrlər dövrlərini əhatə edir.
Yaşayış yerində aparılan araşdırmalar zamanı Kür-Araz mədəniyyətinin mənşəyi və inkişaf dinamikası haqqında yeni fikirlər söyləmək mümkün olub. Qazıntılar zamanı aşkarlanan maddi mədəniyyət nümunələri Fransa və İtaliyadan olan mütəxəssislərin də diqqətini çəkib.
Qaraçinar qədim yaşayış yerində aparılan qazıntılarda iştirak etmək üçün İtaliyadan dəvət olunan topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri hazırlanıb. Abidədə aparılan tədqiqatlar zamanı müasir elmin tələblərinə uyğun üsullardan istifadə edilib, fotoqrammetrik çəkilişlər aparılıb və beynəlxalq laboratoriyalarda analiz etmək üçün müxtəlif artefaktlardan nümunələr götürülüb.


Tarix: 23-08-2021, 11:04 Oxunub: 139


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı