Day, Month 00, Year
00: 00: 00 AM
Şəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTO


İyulun 7-də Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib.
 
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Şəki şəhərinin turistlərin ən çox üz tutduğu tarixi unikal məkanlardan biri olduğunu qeyd edərək şəhərin tarixi hissəsinin mühafizəsi və inkişafının dövlətin daim diqqətində olduğunu bildirib.
Fuad Nağıyev DTA-nın tabeliyində olan qoruqların hər birinin ərazisində aktiv və kompleks işlərin aparıldığını, əsas məqsədin mədəni-tarixi irsimizi qoruyaraq onları daha maraqlı və cəlbedici etmək olduğunu vurğulayıb. Agentlik sədri UNESCO ekspertləri ilə sıx əməkdaşlıq işlərinin davam etdirildiyini, Şəkidən başqa “Xınalıq” qoruğunun da UNESCO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salındığını diqqətə çatdırıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2 il öncə verilmiş qərarın Şəki üçün müstəsna əhəmiyyət daşıdığını bildirərək şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verəcəyini bildirib.
Elxan Usubov bu hadisəni mədəni və tarixi irsin qorunması, eləcə də ölkənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi hesab etdiyini qeyd edib. O, hər il 7 iyul tarixinin Şəkidə “Şəhər günü” olaraq keçirilməsi təklifi ilə çıxış edib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında bildirib ki, Şəkinin böyük turizm imkanları bölgədə fəaliyyət göstərən KOB subyektləri və potensial sahibkarlar üçün əlavə üstünlüklər yaradır.
Orxan Məmmədov turizm sahəsində sahibkarlığın təşviq olunmasının KOBİA-nın fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri Vasif Eyvazzadə Şəkinin Ümumdünya İrs Siyahısına düşməsinin uzun və çətin yol nəticəsində baş verdiyini bildirərək Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd edib.
Elnur Sultanov Ümumdünya İrs Siyahısına daxil olunma ilə bağlı UNESCO sertifikatını Fuad Nağıyev və Elxan Usubova təqdim edib.
Həmçinin tədbir əsnasında Şəkidə tarixi-mədəni irsin qorunub saxlanmasında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif olunub. Təqdimat mərasimində Milli Məclisin üzvləri və digər rəsmi şəxslər, eləcə də yerli icma nümayəndələri iştirak ediblər. Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.






Tarix: 7-07-2021, 15:28 Oxunub: 217


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı