Day, Month 00, Year
00: 00: 00 AM
SOCAR-ın Türkiyədəki şirkətindən rekord göstərici: “Borclarımızı 90 milyon dollar azaltdıq” - FOTO


SOCAR-ın Türkiyədəki törəmə şirkəti “Petkim” 1,3 milyard türk lirəsi xalis gəlirlə ən yüksək rüblük göstəriciyə nail olub.
Bu barədə Sahibkartv.az-a Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məlumat verilib.
“SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, sürətlə dəyişən qlobal inkişaf dinamikasının effektiv idarə olunması sayəsində 2021-ci ilin ikinci rübündə xalis gəlir 1 325 000 000 türk lirəsinə yüksəlib:
“İstehsal gücündən 95 faiz istifadə etməklə və ümumi dövriyyəni 7 397 000 000 türk lirəsinə çatdırmaqla şirkətin tarixində rekord rəqəmlərə nail olduq və güclü bir maliyyə göstəricisi ortaya qoyduq”.
Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisəsi “Petkim” 2021-ci ilin ikinci rübünün nəticələri ilə tarixində ən yüksək maliyyə göstəricilərinə nail olub. Beləliklə şirkətin ilk altı aylıq xalis gəliri 2 216 000 000 türk lirəsinə çatıb.
“Qlobal dönüşləri düzgün qiymətləndirərək sürətli və doğru addımlar atdıq”
“Petkim”in 2021-ci ilin ikinci rüb maliyyə göstəricilərini dəyərləndirən Anar Məmmədov əlavə edib ki, neft-kimya bazarında Asiya və Amerika ilə əlaqəli tədarük zəncirindəki qırılmalarla yanaşı ehtiyacdan artıq alışın yaratdığı tələb “Petkim”in də istehsalçısı olduğu məhsulun qiymətlərində qlobal bir yüksəlişə yol açıb.
Onun sözlərinə görə, peyvəndləmənin genişlənməsi ilə əlaqədar pandemiyanın bitəcəyi barədə gözləntilər də ümumi tələbə təkanverici təsir göstərib və müşahidə olunan bütün bu dönüşlər “Petkim”in rekord səviyyəyə çatan gəlirlərində öz əksini tapıb:
“İstehsal xərclərinin ötən ilə nisbətən 110 faiz, naftanın qiymətinin isə 60 faiz artdığı bir dövrdə STAR NEZ ilə fasiləsiz inteqrasiyalı istehsalımız “Petkim”də gəliri yüksəldən digər bir mühüm hərəkətverici qüvvə oldu. İstehsal gücündən istifadəni də ötən ilin müvafiq rübünə nisbətən 2,5 faiz artıran “Petkim”, məlum olduğu kimi, eyni zamanda məhsul satışı ilə yanaşı ticari satışları da həyata keçirir. Bu satışlardakı artım da rekord gəlirə mühüm töhfə verib. Əldə etdiyimiz gəliri düzgün dəyərləndirərək qısamüddətli borclarımızı da təxminən 90 milyon dollar azaltdıq. Bu isə xalis faiz məsrəflərimizi azaltdığı üçün xalis gəlirimizə də müsbət təsir göstərdi”. 
O qeyd edib ki, bütün bunlarla yanaşı, aktivlər 23 faiz, kapital 29 faiz artaraq şirkətin maliyyə mövqeyini gücləndirib:
“Düşünürəm ki, pandemiya səbəbindən dalğalanmaların hələ də davam etdiyi bir şəraitdə nümayiş etdirdiyimiz bu uğurlar qlobal rəqabətdəki mövqeyimizi daha da möhkəmləndirəcək. Qazanılmış nailiyyətlərdə əməyi olan bütün əməkdaşlarımıza və tərəfdaşlarımıza təşəkkür edirəm”.


Tarix: 17-08-2021, 12:31 Oxunub: 154


Bölməyə aid digər xəbərlər