Day, Month 00, Year
00: 00: 00 AM
Tofiq Zülfüqarov: “Qoşulmama Hərəkatı Azərbaycan üçün vacib kanallardan biridir” - ŞƏRH


Azərbaycan daxili və xarici siyasəti ilə seçilən, beynəlxalq proseslərə adekvat cavab verə bilən ölkədir. Ölkə olaraq beynəlxalq proseslərin həllində müxtəlif platformalarda aktiv iştirak edərək haqlı mövqeyimizi nümayiş etdiririk. Məhz bunun nəticəsində Azərbaycana dəstək göstərən ölkələrin sayı günü-gündən artır. Ölkəmiz sədrliyini etdiyi Qoşulmama Hərəkatına üzv olan dövlətlərlə sıx əlaqələrə və həmrəy siyasi iradəyə malikdir.
Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov Sahibkartv.az-a açıqlamasında bildirib ki, Qoşulmama Hərəkatı Azərbaycan üçün vacib kanallardan biri hesab edilir.
Azərbaycanın Qoşulmama Hərəkatının fəal üzvü olduğunu qeyd edən diplomatın sözlərinə görə, ölkəmiz Hərəkatın prinsiplərinə də ciddi şəkildə riayət edir: 
“Təbii olaraq hesab edirəm ki, beynəlxalq proseslərin fəal üzvü kimi Qoşulmama Hərəkatı Azərbaycanın xarici siyasətinin vacib tərəflərindən biridir. Ölkəmizin bu istiqamətdə apardığı siyasəti davam etdirməsi məqsədəuyğundur. Çoxtərəfli formatları nəzərə alsaq, deyə bilərəm ki, bu, ölkəmizin xeyrinə olan platformadır.
Nəzərə almalıyıq ki, Azərbaycan üçün Qoşulmama Hərəkatı yeganə kanal sayılmasa da, vacib kanallardan biri hesab edilir. Biz Qoşulmama Hərəkatı vasitəsilə bir çox məsələləri öz xeyrimizə dəyişə bilərik”.
Vurğulamaq lazımdır ki, Qoşulmama Hərəkatı üzvləri Ermənistanın silahlı qüvvələrinin Tovuz istiqamətində dövlət sərhədində törətdiyi hərbi təxribatına qarşı da mövqeyini nümayiş etdirmiş, Ermənistanın silahlı hücumunu kəskin şəkildə pisləmişdi. Eləcə də, Vətən müharibəsi dövründə də Hərəkata üzv olan ölkələr tərəfindən müxtəlif beynəlxalq platformalar vasitəsilə Azərbaycana göstərilən dəstəyin şahidi olmuşuq.
Həmçinin, Ermənistanın Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqelərinə və mülki yaşayış məntəqələrinə, bütün cəbhə boyu silahlı hücumu ilə bağlı da Hərəkat üzvləri kəskin mövqeyini nümayiş etdirmiş və mövcud proseslər fonunda Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildirmişdilər. 
Qoşulmama Hərəkatı vasitəçiliyi ilə beynəlxalq miqyasda Azərbaycana göstərilən dəstəyi qiymətləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov əlavə edib ki, bir çox dövlətlərin bu Hərəkata üzv olması Azərbaycan üçün vacib məqamlardan biridir:
“Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bəyan edib ki, Vətən müharibəsi zamanı bizə dost münasibət göstərən dövlətləri işğaldan azad edilən ərazilərdəki işlərə cəlb etməyə hazırıq. Bu istiqamətdə artıq əməli şəkildə proseslərə start verilib”.
Qeyd edək ki, hazırda 120 dövlət Qoşulmama Hərəkatının üzvüdür. Eləcə də, qurumda Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatı və əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlət iştirak edir.
Azərbaycan 25 oktyabr 2019-cu il tarixindən Qoşulmama Hərəkatına sədrlik edir.


Tarix: 13-07-2021, 13:49 Oxunub: 176


Bölməyə aid digər xəbərlər