
Albaniyanın Baş naziri Edi Rama "Welt am Sonntag" nəşrinə verdiyi müsahibədə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması perspektivləri ilə bağlı kəskin və qalmaqallı bəyanatla çıxış edib.
Albaniya hökumətinin rəhbəri Ukraynaya verilən üzvlük vədlərinin reallığı əks etdirmədiyini bildirib.
Edi Rama müsahibəsində Aİ-nin mövqeyini açıq şəkildə tənqid edərək deyib: "Ukraynaya verilən vədlər yalandır. Bütün standart və kriteriyaların tələb olunduğu adi üzvlük proseduru çərçivəsində onu heç vaxt İttifaqa qəbul etməyəcəklər. Bunu hamı çox yaxşı bilir".
Albaniya Baş naziri Ukrayna üçün tamhüquqlu üzvlüyə aparan fərqli və xüsusi bir yolun təklif olunmasını məqsədəuyğun hesab edib. Rama fikrini əsaslandırmaq üçün Almaniyanın birləşməsi nümunəsini çəkib və qeyd edib ki, Berlin divarı yıxıldıqdan sonra Helmut Kol Şərqi Almaniya sakinlərindən 33 danışıqlar fəslini keçməyi tələb etməmişdi.







































