
Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının yeni təfərrüatları ortaya çıxıb.
Axios xəbər verir ki, söhbətdən xəbərdar olan mənbənin dediyinə görə, danışığın əhəmiyyətli bir hissəsi Trampın konkret bir xahişinə həsr olunub.
Belə ki, Donald Tramp Zelenskidən dəfələrlə Rusiya neft emalı zavodlarına hücumları dayandırmasını istəyib və onun iddiasına görə, bu hücumlar qlobal dizel yanacağının qiymətlərini artırır.
"Söhbət zamanı “dizel” sözü dəfələrlə xatırlanıb", - deyə mənbə nəşrə bildirib.
Axios-un məlumatına görə, Zelenskinin BMT Baş Assambleyası çərçivəsində Trampla görüşü ilkin olaraq çərşənbə axşamı gününə planlaşdırılıb.
Nəşr xatırladır ki, görüş Trampın Rusiyaya qarşı sanksiyalar qanununu imzalamasından və ABŞ ilə Ukrayna arasında vəzifəyə başladığı vaxtdan bəri ən böyük silah müqaviləsini təsdiqləməsindən bir neçə gün sonra baş tutacaq - hər iki addımı Kiyev aylardır gözləyirdi.
Qeyd edək ki, Rusiya neft zavodlarına zərbələrin dayandırılmasını Tramp Zelenskidən ilk dəfə xahiş etmir. ABŞ prezidenti əvvəllər Ukrayna liderindən yanacaq qiymətlərinin artmasınəsas gətirərək Rusiya neft emalı zavodlarına zərbələri dayandırmasını istədiyini bildirmişdi.
Daha əvvəl isə Tramp Ukraynanın Rusiya infrastrukturuna zərbələri dayandırmalı olduğunu bildirmişdi, çünki bu, qlobal dizel yanacağı çatışmazlığına səbəb olur. Amerika prezidentinin sözlərinə görə, Zelenski taktikasını dəyişdirməlidir.










































