
Mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb.
Bu barədə Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub. Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə oluna hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrit müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.
Qeyd edək ki, Polşa mediasında anti-Azərbaycan ritorikası ilk deyil. Avqustun 28-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, görüş zamanı, 26 avqust 2026-cı il tarixində Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) “Eastern Express” verilişində Azərbaycan əleyhinə yayımlanmış süjetdə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv və tamamilə qəbuledilməz iddiaların yer alması, habelə veriliş zamanı aparıcının təxribat xarakterli davranışı ilə bağlı kəskin etiraz bildirilib, bununla əlaqədar qarşı tərəfə etiraz notası təqdim edilib.
Polşa mediası bizdən nə istəyir? Son zamanlar sistemli xarakter alan bu hibrid hücumların arxasında hansı güc dayanır? Nəzərə alaq ki, Azərbaycan Polşa ilə normal münasibətlərə malikdir. Polşa Avropa İttifaqının (Aİ) üzvü kimi, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın artan dinamikasını məmnunluqla qeyd edir. Xüsusilə də, son vaxtlar Bakıya baş tutan çoxsaylı yüksək səviyyəli səfərlər, o cümlədən Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın səfəri buna töhfə verir.
Bəs bu ölkənin mediası niyə Azərbaycanı hədəf alıb?
Deputat Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı sentyabrın 2-də Polşada mənzillənən “Nexta” kanalı tərəfindən yayılan məlumat, ilk baxışdan lokal xarakterli hadisəyə münasibət kimi görünə bilər: “Lakin materialın təqdimat üsulu və hadisənin Azərbaycan-Polşa münasibətləri müstəvisindən təqdim olunması bunun sıradan informasiya məhsulu olmadığını göstərir. Bu hadisəyə bir neçə gün əvvəl Polşanın ictimai yayımçısı TVP World-un “Eastern Express” proqramında Azərbaycana qarşı yayımlanmış süjeti də əlavə etdikdə mənzərə daha aydın görünür.
Beləliklə, qısa zaman intervalında Polşa informasiya məkanında Azərbaycanın hədəfə çevrilməsi artıq ayrı-ayrı jurnalistlərin subyektiv mövqeyi kimi qiymətləndirilə bilməz. Burada məqsədyönlü informasiya təsirinin əlamətləri görünür. Əsas məsələ isə bu təxribatların hansı siyasi və iqtisadi maraqlar sisteminə xidmət etdiyini müəyyənləşdirməkdir”.
Deputat qeyd edib ki, mənzərənin tam aydın olması üçün Polşanın son 35 ildə qazandığı geosiyasi funksiyanı nəzərə almaq lazımdır: “SSRİ-nin süqutundan sonra Polşa Mərkəzi və Şərqi Avropanın siyasi transformasiyasının əsas mərkəzlərindən biri rolunu oynamağa başladı. NATO və Avropa İttifaqına inteqrasiya edən Varşava qısa müddətdə Qərbin postsovet məkanına yönəlmiş siyasi, təhlükəsizlik və informasiya layihələrinin mühüm regional platformasına çevrildi. Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yerləşməsi bu prosesin institusional göstəricilərindən biridir. Eyni zamanda, Polşa ABŞ və Avropa fondlarının, müxtəlif beyin mərkəzlərinin, vətəndaş cəmiyyəti strukturlarının və transmilli media layihələrinin Şərq istiqamətində fəaliyyət göstərdiyi mühüm mərkəzlərdən biri olduğu da unudulmamalıdır. NED, NDI kimi ABŞ mənşəli strukturların regiondakı fəaliyyəti, Avropa fondlarının və analitik mərkəzlərin Polşa üzərindən postsovet məkanına yönəlmiş layihələri, RFE/RL və digər media strukturlarının Varşava ilə bağlılığı Polşanın informasiya-siyasi təsir imkanlarının miqyasını göstərir. Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan və digər postsovet ölkələrindən muzdlu təsir agentləri funksiyasını yerinə yetirən radikal müxalif qrupların və vətəndaş cəmiyyəti nümayəndələrinin Polşada müxtəlif proqramlarda iştirakı da bu ölkənin Şərq istiqamətində proseslərə təsir göstərən platforma kimi formalaşdığını göstərən amillərdəndir”.
E.Mirzəbəylinin sözlərinə görə, burada prinsipial məqam həmin qurumların hamısının eyni mərkəzdən idarə olunması iddiası deyil: “Əsas məsələ ondan ibarətdir ki, müxtəlif siyasi, informasiya və institusional mexanizmlər eyni geosiyasi istiqamətdə - Şərqi Avropa və postsovet məkanında Qərbin təsir imkanlarının qorunub saxlanılması və genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Bu baxımdan Varşavanı sadəcə coğrafi məkan kimi deyil, Qərbin Şərq siyasətinin mühüm icra və kommunikasiya platformalarından biri kimi qiymətləndirmək lazımdır. Azərbaycanın mövqeyi məhz burada xüsusi əhəmiyyət qazanır.
Postsovet məkanında Azərbaycan Qərblə əməkdaşlıq edən, lakin öz siyasi kursunu kənardan müəyyənləşdirməyə imkan verməyən dövlət modelini formalaşdırıb. Bakı Avropa ilə enerji və nəqliyyat sahəsində strateji tərəfdaşlıq edir, lakin siyasi qərarlarını xarici təsir mexanizmlərinə tabe etmir. Azərbaycan NATO üzvü deyil, amma Avropanın enerji və nəqliyyat təhlükəsizliyi baxımından əhəmiyyətli tərəfdaşa çevrilib. Azərbaycan Qərbin siyasi modelinin bir hissəsi deyil, lakin Qərbin iqtisadi və geosiyasi maraqları baxımından mühüm aktordur”.
Milli Məclisin üzvü xüsusilə vurğulayıb ki, bu model Azərbaycanın 2020 və 2023-cü illərdə nümayiş etdirdiyi real, beynəlxalq hüquqa söykənən güc və siyasi iradə ilə daha da möhkəmlənib: “Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə uzun illər regionda Azərbaycanla münasibətlərdə əsas təsir mexanizmlərindən biri kimi istifadə olunan “münaqişə”, “vasitəçilik” və “təhlükəsizlik” alətlərinin funksional əhəmiyyəti tamamilə sıradan çıxarıb. Bakı artıq problemin həllini gözləyən tərəf yox, regional reallığı formalaşdıran əsas aktorlardan biri və birincisidir. Məhz bu səbəbdən, Azərbaycanın siyasi iradəsinə və qərarvermə proseslərinə təsir göstərmək istəyən dairələr üçün informasiya müstəvisi getdikcə daha mühüm əhəmiyyət qazanır”.
Elçin Mirzəbəyli onu da qeyd edib ki, Polşanın Azərbaycanla bağlı mövqeyini yalnız siyasi ritorika üzərindən araşdırmaq natamam nəticəyə gətirib çıxara bilər: “Məsələnin iqtisadi tərəfi daha çox şey deyir. Polşanın Azərbaycanla əməkdaşlıqda mühüm maraqlarından biri Orta Dəhlizdir. Çin və Mərkəzi Asiyadan gələn yüklərin Avropaya çatdırılmasını nəzərdə tutan Trans-Xəzər marşrutunda Azərbaycan əsas tranzit və logistika qovşağıdır. Polşa isə bu zəncirin Avropa hissəsində mühüm sonuncu logistika habına çevrilmək istəyir. Bunun üçün Polşa logistika şirkətlərinin bu sistemə inteqrasiyası Varşavanın birbaşa iqtisadi marağındadır və bunu gizlətmir də. Burada siyasi nəticə kifayət qədər aydındır. Polşa şirkətlərinin Orta Dəhlizdə mövqelərini möhkəmləndirməsi üçün bu dəhlizin mərkəzi qovşağı olan Azərbaycanla münasibətlərdə təsir imkanlarının genişləndirilməsi Polşanın strateji maraqlarına uyğundur. Bu təsir yalnız diplomatik və iqtisadi vasitələrlə həyata keçirilmir. Müasir hibrid qarşıdurmalarda informasiya da iqtisadi maraqların təmin edilməsinə xidmət edən siyasi alətlərdən biridir. Bu qəbildən olan hibrid informasiya təxribatlarının hədəfi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, dövlət siyasətinə münasibətdə şübhə yaratmaq, onun tərəfdaşları qarşısında legitimliyini aşındırmaq və daxili siyasi sabitliyə dair mənfi təsəvvür formalaşdırmaqla Bakının manevr imkanlarını məhdudlaşdırmaqdan ibarətdir. Belə bir informasiya mühiti isə, bir qayda olaraq xarici iqtisadi subyektlərin və siyasi dairələrin danışıqlarda daha böyük təsir imkanları əldə etməsinə şərait yaradır. Deməli, informasiya təxribatının iqtisadi ölçüsünü də nəzərdən keçirmək lazımdır.
Eyni məntiq enerji sahəsində də özünü göstərir. Polşanın Azərbaycanın enerji potensialına, bərpa olunan enerji layihələrinə və Xəzərdən Avropaya uzanan yeni enerji bağlantılarına marağı artır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi, gələcəkdə yaşıl enerjinin ixracı baxımından da strateji əhəmiyyət daşıyan ölkəyə çevrilir. Bu isə Azərbaycanın geosiyasi çəkisini daha da artırır. Orta Dəhliz və enerji layihələri eyni coğrafiyada - Xəzər hövzəsi, Azərbaycan və Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni bağlantı sistemində kəsişir. Beləliklə, Azərbaycanın əhəmiyyəti yalnız Cənubi Qafqazla məhdudlaşmır. Azərbaycan Avropanın nəqliyyat və enerji təhlükəsizliyinin yeni arxitekturasında əvəzolunmaz qovşağa çevrilir. Bu vəziyyətdə Bakının siyasi qərarlarına təsir imkanlarının artırılması, yalnız siyasi məqsəd deyil, həm də konkret iqtisadi və geosiyasi maraqların təmin olunması məsələsidir”.
Deputatın sözlərinə görə, bu xüsusda bir məqamı da nəzərə almaq zəruridir: “İnformasiya təzyiqi ən ucuz və eyni zamanda ən çevik təsir vasitələrindən biri olduğu üçün də bu geosiyasi və geoiqtisadi ziddiyyət və qarşıdurmaların əsas siyasi texnologiya elementi kimi istifadə olunur. Burada daha bir mühüm paradoks ortaya çıxır. Azərbaycan Qərbdən uzaqlaşmır. Əksinə, Avropa ilə enerji, nəqliyyat, investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirir. Azərbaycan Avropa İttifaqı üçün getdikcə daha mühüm tərəfdaşa çevrilir. Lakin Bakı əməkdaşlıqla siyasi asılılığı eyniləşdirmir. Azərbaycan Avropaya enerji verir, amma bunun müqabilində siyasi suverenliyindən imtina etmir. Azərbaycan Orta Dəhlizin inkişafında əsas rol oynayır, amma öz ərazisindən keçən marşrutun siyasi qərarlarını başqalarının diktəsi ilə müəyyənləşdirmir. Azərbaycan Qərb institutları ilə əməkdaşlıq edir, amma həmin institutların ölkənin daxili və xarici siyasətinə müdaxilə hüququnu qəbul etmir. Məhz bu müstəqil mövqe müəyyən dairələrin narahatlığının əsas səbəblərindən biridir. Beynəlxalq sistemdə milli maraqları qorumağın ən etibarlı yolu real siyasi və iqtisadi gücə, daxili sabitliyə və müstəqil qərarverməyə sahib olmaqdır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi, rəsmi Bakının postmüharibə dövründə nümayiş etdirdiyi qətiyyət bunun sübutudur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regiondakı geosiyasi balans da dəyişib.
İndi Bakı Avrasiya nəqliyyat və enerji xəritəsinin formalaşmasında iştirak edən əsas aktordur. Bu isə Azərbaycanın xarici təsir mexanizmləri qarşısında əvvəlkindən daha davamlı olması deməkdir. Ona görə də bu gün Azərbaycana qarşı informasiya təxribatları əvvəlki siyasi mexanizmlərin informasiya müstəvisində davamı kimi nəzərdən keçirilməlidir. Mənzərə əslində göz qabağındadır. Polşa Qərbin Şərq siyasətində mühüm institusional və informasiya platformasına çevrilib. Eyni zamanda, Polşanın Azərbaycanla konkret iqtisadi və geosiyasi maraqları var. Orta Dəhlizdə Polşa logistika şirkətlərinin mövqelərinin genişləndirilməsi, Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış imkanlarının artırılması, enerji və yaşıl enerji layihələrində iştirak bu maraqların əsas istiqamətlərindəndir. Azərbaycan isə həmin layihələrin siyasi və iqtisadi baxımdan əsas qərarverici həlqələrindən biridir. Bu xüsusda “Nexta”nın Goranboy hadisəsi ilə bağlı təxribat xarakterli məlumatı və TVP World-un Azərbaycana qarşı süjeti təsadüfi informasiya məhsulları kimi deyil, Polşanın Azərbaycana münasibətdə istifadə etdiyi məqsədyönlü informasiya-siyasi təsir mexanizminin elementləri kimi qiymətləndirilməlidir”.
Parlamentarın fikrincə, bu təxribatların mahiyyəti daha çox Azərbaycanın artan strateji əhəmiyyətindən yararlanmaqla onun siyasi davranışına təsir imkanları əldə etməyə cəhd göstərməkdir: “Polşa Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətindən istifadə etmək istəyir, lakin Azərbaycanın həmin əhəmiyyəti öz milli maraqları əsasında idarə etməsini qəbul etmək istəmir. Amma ölkəmizə qarşı həyata keçirilən digər hibrid informasiya savaşlarının idarə olunduğu mərkəzlər kimi, Polşadakı texnoloqlar da bir məqamı unudurlar - Azərbaycan kiminsə Şərq siyasətinin obyekti deyil, Azərbaycan özü geosiyasi subyektdir!”







































