Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI

Baxış: 45
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI



Ermənistanın baş naziri Nikol Paşinyanın Kərki kəndi ilə bağlı açıqlaması İrəvanda panika yaradıb. Paşinyan 1990-cı ildə işğal edilmiş kəndin Ermənistana aid olmadığını bildirib. Erməni rejissor Ovannes İşxanyan bildirib ki, Kərki kəndi ilə bağlı aparılan təbliğat onda qəribə təəssürat yaradıb.

Kərkinin geri verilməsi ilə Azərbaycan İrəvandan asılı vəziyyətə düşəcək. Bu utopiyadır”, - o, belə deyib. Siyasətçi Avetik Çalabyan isə bildirib ki, əgər Kərki kəndi Azərbaycana qayıdarsa, Zanqakatnidən Yerasxvana qədər müdafiə sistemi dağılacaq. Politoloq Alen Gevondyan isə bir qədər də irəli gedib. O deyib: “Kərki ilə bağlı razılaşmalar 2018-ci ildə hakimiyyət dəyişikliyindən əvvəl əldə edilib. Çünki böyük siyasətdə məqsədlərə əvvəlcədən planlaşdırılmış onlarla addım vasitəsilə nail olunur”.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi ideyası uzun müddətdir mövcuddur və o, üzvü şəkildə Qarabağla əlaqəli idi. Qevondayan hesab edir ki, azərbaycanlılar əllərində sovet dövrünə aid mülkiyyət sertifikatları olan maşınlarla Ermənistana gələcək.

Göründüyü kimi, erməni ictimai-siyasi çevrələrində Naxçıvan anklav Kərki kəndinin geri qaytarılacağı ilə bağlı panika var. Anklav kəndlər probleminin delimitasiya çərçivəsində həll olunacağı deyilir. Kərkinin geri qaytarılması gözləntisi ermənilərdə niyə təşviş yaradır? Bu, Ermənistan-İran yolunun itirilməsi deməkdirmi?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a deyib ki, Paşinyanın Kərki ilə bağlı son açıqlaması ilə əlaqədar başlanan ciddi siyasi müzakirə və təşvişin əsas səbəbini təkcə revanşizm və şovnizimdə deyil, həm də kəndin yerləşdiyi coğrafiyada, eləcə də, bu coğrafiyanın Ermənistan üçün strateji əhəmiyyətində axtarmaq lazımdır:

“Kərki Azərbaycanın Naxçıvan istiqamətindəki ərazisindən kənarda yerləşən, Naxçıvanın Sədərək rayonuna aid, lakin tamamilə Ermənistan ərazisi ilə əhatələnmiş Azərbaycan anklavıdır, 1990-cı ildən Ermənistan tərəfindən işğal olunub və bu gün də Ermənistanın nəzarətindədir. Ermənistanın şimalını cənubu ilə birləşdirən magistral yol bu kəndin ərazisindən keçir. Eyni zamanda, həmin magistral Ermənistanın İranla nəqliyyat əlaqəsini də təmin edir. Başqa sözlə, Kərki kəndi Ermənistanın əsas nəqliyyat marşrutlarından birinin keçdiyi strateji ərazidə yerləşir. Bu baxımdan, İrəvanda təşvişin əsas səbəbi Kərki kəndinin özü deyil, həmin kənddən nəqliyyat marşrutu və bu marşrutun Ermənistanın özünün daxilində və İranla əlaqəsində oynadığı roldur. Erməni ekspertlərinin Kərkinin Azərbaycanın nəzarətinə keçməsini İrəvan-Qafan-Mehri-İran marşrutunun tamamilə kəsilə biləcəyində ehtiyat edirlər.

Başqa sözlə, Kərkinin Azərbaycana qaytarılması mahiyyət etibarilə həmin marşrut üzərində nəzarətin və bütövlükdə Güney Qafqazın nəqliyyat xəritəsinin dəyişməsinə gətirib çıxaracaq amildir. Çünki Ermənistan üçün İran istiqamətində olan nəqliyyat marşrutu sadəcə yol deyil. Türkiyə və Azərbaycanla sərhədlərin uzun illər bağlı qalması şəraitində İran Ermənistanın xarici dünyaya mühüm çıxışlarından birinə çevrilib. İndi isə Kərki məsələsi həmin çıxışın üzərinə Azərbaycan faktorunu gətirir”.


Siyasi şərhçi onu da bildirib ki, Kərkinin Azərbaycana qaytarılması Ermənistanın İran yolunu mütləq şəkildə əlindən almır və sərhədini aradan qaldırmır: “Ermənistanın İran istiqamətində istifadə etdiyi magistralın müəyyən hissəsi Azərbaycan ərazisindən keçə bilər. Bu halda həmin yol artıq yalnız Ermənistanın daxili infrastrukturu olmayacaq. Bu halda Azərbaycan Ermənistan-İran nəqliyyat marşrutunda yeni və mühüm geosiyasi faktor kimi ortaya çıxacaq. Yəni Kərkinin Azərbaycana qaytarılması Ermənistanın həmin yol üzərində əvvəlki tam nəzarətini dəyişə biləcək geosiyasi amil kimi çıxış edir. İrəvandakı narahatlığın əsas səbəbini də məhz bunda axtarmaq lazımdır”.

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Kərki məsələsinə yalnız Azərbaycan və Ermənistan prizmasından baxmaq da düzgün hesab oluna bilməz: “İran Ermənistanla nəqliyyat əlaqələrinin qorunmasında maraqlıdır. Belə ki, İran üçün Ermənistanın cənub bölgəsi, xüsusən Mehri xətti, Qafqaza çıxan yeganə quru dəhlizdir. Yəni İran üçün Ermənistan üzərindən Qafqaza və daha sonra Avropa istiqamətinə çıxış mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyır. Buna görə də Kərkinin statusunun dəyişməsi İranın da geosiyasi və geoiqtisadi maraqlarına toxunur. Bəzi İran ekspertləri açıq şəkildə iddia edirlər ki, Kərkinin Azərbaycanın nəzarətinə keçməsi Bakıya həmin marşrut üzərində nəzarət imkanı verir və hətta potensial münaqişə şəraitində Zəngəzur-İran əlaqəsini kəsə bilər”.

Onun sözlərinə görə, ümumiyyətlə, Kərki kəndi ilə əlaqədar maraqlı bir situasiya yaranır: “Azərbaycan üçün məsələ aydındır. Söhbət işğal olunmuş ərazimizin qaytarılmasından gedir. İran üçün Ermənistan üzərindən Qafqaza və daha sonra Avropa istiqamətində kommunikasiyaların hansı marşrut, hansı siyasi şərtlərlə və təhlükəsizlik mühitində işləyəcəyi əsas məsələyə çevrilir. Ermənistan üçün isə məsələ daha mürəkkəbdir: Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə nəqliyyat marşrutunun və infrastrukturunun təhlükəsizliyi arasında yeni balans qurulmalıdır. Beləliklə, Kərki məsələsi artıq bir kənd məsələsi deyil. Bu, Ermənistanın cənuba çıxışının və İranla əlaqələrinin, İranın Qafqaza çıxışının və Ermənistanla əlaqələrinin, Azərbaycanın isə regiondakı nəqliyyat çəkisinin daha da güçlənməsi məsələsidir”.

Hüquqşünas nəzərə almağa çağırır ki, Paşinyanın açıqlaması məlum hüquqi faktı etiraf etmək idi və bunu konkret təqvimi olan öhdəlik kimi qəbul etmək düzgün olmaz: “Bu da Ermənistan cəmiyyətində qeyri-müəyyənlik yaradır. Elə bu qeyri-müəyyənlik də öz növbəsində İrəvanda təşvişi daha da gücləndirir. İnsanlar nə vaxt, hansı şərtlərlə və hansı əvəzedici yol təhlükəsizliyi ilə kəndin taleyinin həll olunacağını bilmirlər. Ermənistan daxilində müxalifətin bunu hakimiyyətə qarşı mübarizə vasitəsinə çevirməsi də təsadüfi deyil”.

Müsahibimiz Paşinyanın açıqlamasında bir maraqlı cəhətin də diqqəti cəlb etdiyini söyləyib: “Ermənistanın hazırkı hakimiyyəti Kərkini həll olunmaz problem hesab etmir. Yəni hazırkı hakimiyyət Ermənistanın gələcəyini işğal olunmuş Azərbaycan ərazisinin, mövcud sərhəd və kommunikasiyaların qorunmasında deyil, yeni regional nəqliyyat sisteminin formalaşmasında görür. Bu yanaşmanın məntiqi bundan ibarətdir ki, sərhədlər dəqiqləşdirilir, ərazi məsələləri həll olunur, kommunikasiyalar açılır və Ermənistan regional nəqliyyat qovşağına çevrilir. Vaxtilə Paşinyanın təklif etdiyi “Sülhün kəsişməsi” layihəsi də məhz bu yanaşmaya əsaslanırdı. Mahiyyət etibarilə bu layihə Ermənistanın öz ərazisindən keçən regional yolların açılmasını və ölkənin Türkiyə, Azərbaycan, İran və Gürcüstan istiqamətlərində nəqliyyat qovşağına çevrilməsini hədəfləyirdi. Məsələnin belə qoyuluşu Kərki kəndinin yaxın vaxtlarda Azərbaycana qaytarılması ehtimalını gücləndirir. Təbii ki, bunun müqabilində İran istiqamətində nəqliyyatın təhlükəsizliyi və fasiləsizliyi üçün konkret hüquqi təminatlar olmalıdır. Əgər həmin marşrutun təhlükəsizliyi və fasiləsizliyi təmin edilərsə, Kərki yeni regional bağlantının bir hissəsinə çevrilə bilər və bu Azərbaycanın da maraqlarına uyğun olar. Ona görə də Azərbaycan dövləti Zəngəzur dəhlizi üçün müəyyən olunan təminatlar səviyyəsində Kərki kəndindən keçən nəqliyyat marşrutuna həmin təminatları verə bilər”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.