Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qlobal "kəşfiyyat savaşı" ABŞ-ın manevr imkanını bloklayır: Amerikalılar "krala qarşı qiyam" qaldırır, Tramp legitimliyini itirir

Baxış: 90

Tramp administrasiyası eyni vaxtda həm xarici, həm də ölkədaxili təzyiqlərlə üzləşib... Ona görə də, hazırda Ağ Ev strateji “çoxvektorlu yüklənmə” vəziyyətinə düşmüş kimi görünür...

ABŞ Ukrayna savaşının dayandırılması üzrə sülh prosesində uğur qazanmağa nail olmadı. Ancaq bu azmış kimi, Tramp administrasiyası ABŞ üçün Yaxın Şərqdə "savaş bataqlığı" yaratdı. Ona görə də, Ağ Ev hazırda çoxvektorlu qlobal təzyiqlərin altında qaldığı uğursuz bir geopolitik mərhələdən keçməyə məcburdur.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın qlobal məkanda eyni vaxtda bir neçə önəmli istiqamət üzrə sərt  təzyiqlərə məruz qalması çox nadir hallarda baş verə biləcək bir prosesdir. Belə ki, Ukrayna müharibəsi, Yaxın Şərqdə hərbi gərginlik və NATO daxilində dərinləşən ziddiyyətlər Ağ Evin geostrateji manevr imkanlarını ciddi şəkildə məhdudlaşdıran əsas faktorlar kimi ön plana çıxır. Və hətta son vaxtlar ABŞ rəsmi Kiyev tərəfindən də sərt ittihamlara məruz qoyulur.
Ona görə də, ABŞ-ın dövlət katibi Marko Rubionun Ukrayna ilə bağlı verdiyi son açıqlamalar bu mürəkkəb vəziyyətin təsəvvür olunmasına münbit şərait yaradır. Belə ki, o, Ağ Evin rəsmi Kiyevdən Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını tələb etmədiyini birmənalı şəkildə bəyanlayaraq, bu barədə iddiaları təkzib edib. Ancaq bununla belə, prezident Volodimir Zelenskinin Ağ Evə əks mövqedən çıxış etməsi ABŞ-Ukrayna münasibətlərində gizli və kəskin ziddiyyətlərin mövcudluğunu göstərir.

Təbii ki, bu ziddiyyət qətiyyən yalnız siyasi-diplomatik ritorika ilə məhdudlaşmır. Əksinə, Qərb blokunun daxilində Ukrayna məsələsi üzrə vahid strategiyanın formalaşdırılmasında çətinliklərin olduğunu nümayiş etdirir. Çünki Ağ Evin əsas məqsədləri bir tərəfdən Ukraynaya dəstəyin davam etdirilməsi, digər tərəfdən isə Rusiya ilə birbaşa hərbi qarşıdurma ehtimalından yayınmaq taktikası üzərində qurulub.
Maraqlıdır ki, dövlət katibi Marko Rubio ABŞ-ın yalnız müharibə başa çatdıqdan sonra Ukraynaya hərbi kontingent yerləşdirmə ehtimalını qətiyyən istisna etməyib. Əslində, ABŞ dövlət katibinin bu önəmli mesajı da məhz Ağ Evin Ukrayna savaşına yönəlik ehtiyatlı davranmaq strategiyasına tamamilə uyğundur. Və Tramp administrasiyasının bu yanaşma tərzi ABŞ-ın Rusiya ilə birbaşa toqquşma riskinin minimuma endirilməsinə hesablanıb.
Onu da qeyd etmək lazımdır ki, mövcud geopolitik situasiyaya əlavə olaraq, son vaxtlar ortaya atılan iddialar da neqativ təsir göstərir. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan ediblər ki, Rusiya İrana ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazaları barədə peyk kəşfiyyat məlumatları ötürür. Və əgər, bu iddialar təsdiqini tapsa, bu, qlobal təhlükəsizlik arxitekturasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Belə ki, bu barədə iddialar artıq yalnız regional münaqişələri deyil, həm də böyük güclər arasında dolayısı kəşfiyyat qarşıdurmasının genişləndiyini də göstərir. Əslində, bu cür əməkdaşlıq ehtimalı Rusiya və İranın son illərdə dərinləşən strateji yaxınlaşmasının məntiqi davamı kimi də izah oluna bilər. Xüsusilə də, Ukrayna müharibəsinə paralel olaraq, Rusiyanın ABŞ və Qərbə qarşı alternativ tərəfdaşlıqlar qurmaq istiqamətində atdığı addımları daha da intensivləşdirdiyi müşahidə olunur.
Eyni zamanda, Rusiyanin İrana gizli kəşfiyyat dəstəyi ilə bağlı bu iddialar ABŞ üçün əlavə təhlükəsizlik problemləri yaradır. Çünki ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğu yalnız regional deyil, həm də qlobal güc balansının əsas faktorlarından biri hesab olunur. Və bu baxımdan, Ağ Evin Rusiyanın davranışları ilə bağlı iddialara nə vaxta qədər səbrli yanaşacağı da istər-istəməz maraq doğurur.
Hələlik isə ABŞ daxilində siyasi gərginliklə üzləşən Tramp administrasiyası açıq-aşkar “No Kings” sindromu da yaşayır. Belə ki, Ağ Evin yürütdüyü xarici siyasətdə artan risklərə paralel olaraq, ABŞ daxilində də siyasi sabitlik sual altına düşməkdədir. Son günlər “No Kings” (“Krallara yox”) şüarı ilə ABŞ-da keçirilən kütləvi etiraz aksiyaları prezident Donald Trampa qarşı narazılığın daha artdığını göstərir.
Təbii ki, belə əlverişsiz bir şəraitdə Ağ Evin xarici siyasət üzrə qərarları da getdikcə daha çox ölkədaxili siyasi mübarizənin önəmli alətinə çevrilir. Nəticədə, Tramp administrasiyasının beynəlxalq arenada atdığı addımlar da ölkədaxili legitimlik məsələlərinə birbaşa bağlanmış olur. Digər tərəfdən, ABŞ-ın NATO ilə kəskin ziddiyyətləri də Ağ Evin üzləşdiyi sərt ölkədaxili təzyiqlərə paralellik təşkil edir.
Məsələ ondadır ki, prezident Donald Trampın son vaxtlar sərtləşən alyansa yönəlik tənqidi açıqlamaları ABŞ-ın ənənəvi təhlükəsizlik arxitekturasına münasibətində dəyişiklik ehtimalını artırır. Xüsusilə də Almaniyanın Yaxın Şərqdə hərbi təşəbbüslərdə iştirakdan imtina etməsi və Kaya Kallasın Avropa ölkələrinin də buna hazır olmadığını bildirməsi transatlantik münasibətlərdə dərinləşən uyğunsuzluğu açıq şəkildə göstərir.
Ona görə də, mövcud vəziyyət NATO daxilində yenidən qlobal hərbi-siyasi “yükün bölüşdürülməsi” məsələsinin növbəti dəfə gündəmə gəlməsinə səbəb olur. Bu isə ABŞ-ın yaxın gələcəkdə alyans qarşısındakı öhdəliklərini yenidən nəzərdən keçirə biləcəyi ilə bağlı ehtimalı daha da gücləndirir. Bütün bu proseslər ümumilikdə qiymətləndirildikdə, aydın olur ki, dünya yeni və daha təhlükəli geopolitik mərhələyə daxil olub.Müsavat
Belə anlaşılır ki, Tramp administrasiyası eyni vaxtda həm xarici, həm də ölkədaxili təzyiqlərlə üzləşib. Ona görə də, hazırda Ağ Ev strateji “çoxvektorlu yüklənmə” vəziyyətinə düşmüş kimi görünür. ABŞ-ın bu durumu isə qlobal güc balansının yaxın perspektivdə daha da qeyri-sabit və proqnozlaşdırılması çətin bir mərhələyə keçəcəyini göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.