Day, Month 00, Year
00: 00: 00 AM
Deputat: “Hər bir şəxs məsuliyyətli davransa, gələcəkdə qapanmalara da gedilməyəcək”

Son günlər nəinki Azərbaycanda, dünyanın hər bir yerində koronavirusun yeni “Omikron” ştammının sürətlə yayılması müşahidə edilir. ÜST-ün yaydığı məlumata görə, son 1 həftə ərzində 21 milyon insan bu ştamma yoluxub.
Bu barədə Sahibkartv.Az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva məlumat verib.
O bildirib ki, bu rəqəmlər antirekord kimi qymətləndirilə bilər:
“Bir həftə üçün qonşu dövlətlərdə, eləcə də dünyanın bir çox inkişaf etmiş ölkələrində son günlər kritik vəziyyət yaranıb. Yeni ştammın yoluxuculuq qabiliyyətinin yüksək olduğunu nəzərə alsaq, görərik ki, ölkəmizdə də son dövrlər gündəlik yoluxmaların sayında artım müşahidə edilir. Lakin buna baxmayaraq gün ərzində sağalanaların sayı yoluxanların sayını dəfələrlə üstələyir”.
Millət vəkili onu da əlavə edib ki, “Omikron” ştammı əlamətlərinə görə qrip virusunun simptomlarına çox bənzəyir:
“İnsanlar çox zaman qrip yoxsa “Omikron” ştammına yoluxduqlarını müəyyən etməkdə çətinlik çəkirlər. Bunu yalnız test verdikdən sonra müəyyən etmək olur. Baxmayaraq ki, “Omikron” ştammının yoluxuculuğu sürətlidir, ölüm riski aşağıdır. Ümumiyyətlə bu pandemiyadan yeganə çıxış yolumuz vaksinasiyadır. Vaksinasiya prosesi ölkəmizdə kifayət qədər sürətlə gedir. Əhali arasında vaksinasiya olunanların sayı, hətta buster doza alanların sayı da yüksəkdir. Bunun nəticəsidir ki, artıq ölkədə virusa yoluxanların karantin müddəti 14 gündən 7 günə qədər endirilib. Hər bir şəxs məsuliyyətli davransa, gələcəkdə qapanmalara da gedilməyəcək. Daha ciddi qapanmalara getmək istəmiriksə, vaksinasiya faizini artırmalı və operativ qərargahın qəbul etdiyi karantin qaydalarına riayət etməliyik”.


Tarix: 26-01-2022, 17:27 Oxunub: 75


Bölməyə aid digər xəbərlər