Day, Month 00, Year
00: 00: 00 AM
Vətəndaşların müvəqqəti qeydiyyatı ləğv olunur: Səbəb nədir? - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib olan bir hüquqi prosedurdur.
Bu barədə Sahibkartv.Az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov polisə aid inzibati binalarda qeydiyyatda olan vətəndaşların qeydiyyatlarının ləğv edilməsinin ictimaiyyətdə müəyyən söz-söhbətlərə səbəb olması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
O bildirib ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və digər bu kimi kateqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar:
“Hazırkı araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlət qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır. Artıq bu kateqoriyadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır. Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq paralel olaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun şəkildə təmin edilir”.
10:40
Ötən həftədən etibarən sosial şəbəkələrdə yerli polis idarələrində müvəqqəti yaşayış qeydiyyatındakı vətəndaşların kütləvi şəkildə qeydiyyatının ləğvi ilə bağlı şikayətlər paylaşılıb.
Sahibkartv.Az xəbər verir ki, bu günə qədər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrinə müraciət edərək orada müvəqqəti qeydiyyata düşə bilirdilər. Lakin son bir neçə gün ərzində bu qeydiyyat kütləvi şəkildə ləğv edilib.
Cəmiyyətə maraqlı olan məqam isə bunun hansı səbəbdən baş verməsidir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə müdiri, Elşad Hacıyev Sahibkartv.Az-a açıqlamasında bildirib ki, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır:
“Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis orqanlarına sorğular daxil olanda bəzi neqativ hallar müşahidə olunurdu. Bununla bağlı müvəqqəti qeydiyyatda olan şəxsləri lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin məqsədi bu cür neqativ halların qarşısının alınması, bu istiqamətdə nizam-intizamın yaradılmasıdır.
Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər”.


Tarix: 25-01-2022, 16:02 Oxunub: 147


Bölməyə aid digər xəbərlər