Day, Month 00, Year
00: 00: 00 AM
Bərdə-Ağdam avtomobil yolunun yeni görüntüləri - FOTO


Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 45 kilometr təşkil edəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, qeyd olunan yol Qarabağın inkişaf planı nəzərə alınmaqla dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Bərdə-Ağdam avtomobil yolunun 6-45-ci kilometrlik hissəsində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26,5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri aparılır.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin tikintisi də davam etdirilir. Yol üzərində 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün tikintisi isə yekunlaşmaq üzrədir.
Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində yerləşən 18,2 metr uzunluğa malik 1 aşırımlı körpü və 32,2 metrlik yol ötürücü üçün svay qazma işləri və dayaqların inşası aparılıb. Uzunluğu 91,3 metr təşkil edən körpünün hazır olan dayaqları üzərinə isə aşırım tirləri quraşdırılıb.
1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə səkkiz nöqtədə geriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası da həyata keçiriləcək.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.









Tarix: 29-11-2021, 15:04 Oxunub: 224


Bölməyə aid digər xəbərlər