
Payız gələndə evdə ən tez hiss olunan problemlərdən biri pəncərədən gələn soyuq hava olur. Bəzən bunun səbəbi köhnəlmiş rezin, bəzən pəncərənin düzgün bağlanmaması, bəzən isə montaj zamanı buraxılmış səhvdir. Buna görə də pəncərədən külək gəldiyini hiss edən kimi onu dəyişdirmək heç də həmişə lazım deyil.
Əvvəlcə soyuğun haradan gəldiyini müəyyənləşdirmək, daha sonra pəncərənin təmirə, yoxsa tam dəyişdirilməyə ehtiyacı olduğunu müəyyən etmək lazımdır.
Ən çox problem yaradan hissə – Pəncərənin rezini
Plastik pəncərənin kənarında yerləşən rezin sadəcə xırda bir detal deyil. O, qanadla çərçivə arasında kiplik yaradır və çöldən soyuq hava, toz, səs və nəmin daxil olmasının qarşısını almağa kömək edir. İllər keçdikcə rezin sərtləşə, elastikliyini itirə, çatlamağa və formasını dəyişməyə başlayır. Bu zaman pəncərə bağlı olsa da, kənarından hava gəlir.
Bakıdakı hazırkı qiymət siyahısında EPDM pəncərə rezini 3 AZN/metr göstərilir. Məsələn, bir pəncərəyə təxminən 5-6 metr rezin lazım gəlsə, yalnız materialın qiyməti təxminən 15-18 AZN edir.
Evdə rezinin köhnəldiyini necə yoxlamaq olar?
Bunu anlamaq üçün xüsusi cihaz lazım deyil. Pəncərəni bağlayın və arasına adi bir vərəq qoyun. Sonra pəncərəni bağlayıb vərəqi çəkməyə çalışın. Vərəq çox asanlıqla çıxırsa, həmin hissədə sıxlıq zəifdir.
Rezinin özünə də baxmaq lazımdır. Əgər rezin bərkiyibsə, çatlayıbsa, əvvəlki elastikliyini itiribsə, bəzi yerlərdə əzilib və formasını dəyişibsə, çərçivədən ayrılırsa, sadəcə pəncərəni daha bərk sıxmaq problemi tam həll etmir. Çünki köhnəlmiş rezini bərk sıxmaq onun materialını yenidən elastik etmir. Belə halda rezinin dəyişdirilməsi daha məntiqlidir.
Pəncərəmizdə “qış rejimi” var, amma çox adam bilmir
Plastik pəncərələrlə bağlı ən çox yayılan məsləhətlərdən biri “qış rejiminə keçirmək”dir. Pəncərənin kənarında, metal mexanizmin üzərində kiçik dairəvi və ya oval hissələr olur. Bunlara eksantriklər deyilir. Onların köməyi ilə pəncərə qanadının çərçivəyə nə qədər sıx basdığı tənzimlənə bilər. Bu sıxlıq artırıldıqda pəncərədən hava sızması azalər. Buna gündəlik dildə “qış rejimi” deyilir. Amma burada vacib detal var: hər plastik pəncərədə ayrıca “yay-qış düyməsi” yoxdur və hər pəncərəni mövsümə görə mütləq dəyişmək lazım deyil.
Şüşə paketində problem
Bəzən ev sahibi soyuğu rezindən bilir və dərhal rezini dəyişmək istəyir. Lakin problem şüşə paketində də ola bilər. Əgər şüşələrin arasında buxarlanma və ya su damcıları əmələ gəlirsə, bu, şüşə paketinin hermetikliyinin pozulmasına işarə edir. Belə vəziyyətdə sadəcə pəncərə rezinini dəyişmək problemi həll etməyəcək.
Montaj səhvi daha böyük problemdir
Bəzən pəncərə özü keyfiyyətli olur, rezini də normal vəziyyətdə qalır. Soyuq isə çərçivə ilə divarın birləşdiyi hissədən gəlir. Bu halda problem pəncərənin özündə yox, montajda ola bilər. Çərçivənin ətrafındakı montaj boşluqları düzgün doldurulmayıbsa və ya zamanla həmin hissələr zədələnibsə, otağa soyuq hava daxil ola bilər. Belə vəziyyətdə rezin dəyişdirmək üçün pul xərcləmək nəticə vermir. Ona görə usta çağıranda yalnız “rezini dəyişin” demək əvəzinə problemin mənbəyinin müəyyənləşdirilməsini istəmək daha doğrudur.
Bir sözlə, qış gəlməmiş pəncərəyə baxmaq yeni pəncərə almaqdan daha ucuz başa gələ bilər. Əsas məsələ soyuğun haradan gəldiyini düzgün müəyyən etməkdir./yenisabah







































