Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ

Baxış: 54
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ


Payızın gəlişi ilə paytaxtın balıq satışı ilə məşğul olan bazar və mağazalarında nəzərəçarpacaq canlanma müşahidə olunur. Havaların sərinləşməsi, suyun temperaturunun aşağı düşməsi ilə balıq məhsullarına maraq da artır. Alıcılar daha çox təzə, yerli və münasib qiymətə balıq axtarırlar.

Musavat.com-un əməkdaşı olaraq şəhərin əsas balıq satış mərkəzlərindən birinə baş çəkdik. Məqsədimiz təkcə piştaxtalarda hansı balıqların satıldığını və qiymətlərin necə dəyişdiyini öyrənmək deyildi. Balığın haradan gətirildiyi, necə saxlanıldığı, alıcının gözü qarşısında necə təmizləndiyi və ən əsası, günün sonunda satılmayan balığın taleyinin necə olduğu ilə də maraqlandıq.

“Müştəri Allahın ruzini qapımıza gətirən elçidir”

Satış məntəqəsinə daxil olan kimi diqqəti cəlb edən məqamlardan biri piştaxtanın üzərindəki yazıdır.
“Mingəçevir Kür balığı 03” piştaxtasında iri hərflərlə belə bir şüar yazılıb: “Müştəri Allahın bizim üçün ayırdığı ruzini qapımıza gətirən elçidir".

Satıcıların sözlərinə görə, burada həm topdan, həm də pərakəndə satış həyata keçirilir. Onlar əsas məqsədlərinin alıcıya mümkün qədər təzə məhsul təqdim etmək olduğunu bildirirlər.

Bazarın gün ərzində kifayət qədər hərəkətli olması da bunu göstərir. Bir tərəfdə balıq seçən alıcılar, digər tərəfdə məhsulu təmizləyən işçilər, piştaxtalar arasında isə fasiləsiz alış-veriş prosesi...

Nərə, sazan, xəşəm, kefal, dorado...

Piştaxtalarda balıq çeşidinin kifayət qədər geniş olduğu görünür.

Burada həm yerli çay və su anbarlarından gətirilən balıqlara, həm Xəzər dənizinin balıqlarına, həm də idxal olunan təsərrüfat məhsullarına rast gəlmək mümkündür.

Mingəçevir çəkisi – sazan və xəşəm ən çox diqqət çəkən yerli balıqlardandır. Satıcılar Mingəçevir su anbarından gətirilən çəkilərin ətinin yağlı və dadlı olduğunu deyirlər.

Xəzər kefalı da piştaxtalarda xüsusi yer tutur. Buz üzərində saxlanılan balıqlar arasında kefal və müxtəlif kütüm növləri alıcıların maraq göstərdiyi məhsullardandır.

Bazarın daha bahalı məhsulları sırasında isə nərə balığı diqqəti çəkir. İri ölçülü nərələr əsasən bütöv şəkildə, xüsusi sifarişlər, məclislər və restoranlar üçün alınır.

İdxal məhsulları arasında isə dorado və levrek kimi dəniz balıqları var. Onlar əsasən soyudulmuş vəziyyətdə, temperatur rejiminə uyğun saxlanılan qutularda təqdim edilir.
Qiymətlər isə belədir - levrek 23 manat, çupra 20 manat, xəşəm 15-20 manat, xırda forel 10-13 manat, dəniz foreli 15 manat, nərə cinsli balıqlar isə kiloqramı 40-100 manata satılır.

Balıq alıcının gözü qarşısında təmizlənir

Alıcının aldığı balığın təmizlənməsi də satış prosesinin bir hissəsidir.

Piştaxtaların arxasında bunun üçün ayrıca sahə yaradılıb. İşçilər əlcək və xüsusi alətlərdən istifadə etməklə balığın pulcuqlarını təmizləyir, içalatını çıxarır, yuyur və müştərinin istəyinə uyğun şəkildə doğrayırlar.

Beləliklə, alıcı balığı evə apardıqdan sonra əlavə təmizləmə işi ilə məşğul olmur.

Amma bazarda bizim diqqətimizi başqa bir məsələ də çəkdi.

Bəs piştaxtada qalan balıq necə olur?

Çünki satışa çıxarılan bütün balıqların gün ərzində satılması mümkün deyil. Xüsusilə günün sonunda piştaxtada qalan məhsulun sabah yenidən satışa çıxarılıb-çıxarılmaması alıcı üçün vacib sualdır. Bu sualı satıcılara da ünvanladıq.

Onların izahına görə, gün ərzində satılmayan balıq sadəcə olaraq ertəsi gün eyni vəziyyətdə yenidən piştaxtaya qoyulmur.

Satıcıların sözlərinə görə, qalan məhsullar xüsusi şoklama prosesinə göndərilir. Yəni balıq daha aşağı temperaturda dondurulur.

Daha sonra isə həmin balıqlar hisə verilir və yenidən və bir çox hallarda daha baha qiymətə piştaxtalara qayıdır.

Burada vacib bir məqamı da qeyd etmək lazımdır: şoklama və dondurma məhsulun avtomatik olaraq xarab olması demək deyil. Lakin belə məhsulun təhlükəsizliyi onun hansı temperaturda, nə qədər müddət və hansı sanitar qaydalara uyğun saxlanılmasından asılıdır.

Məhz buna görə balıq alan istehlakçı üçün yalnız “təzədir” ifadəsi kifayət etməməlidir. Saxlanma şəraiti, temperatur rejimi və məhsulun əvvəl dondurulub-dondurulmadığı da önəm daşıyır.

Payızda satış 30-40 faiz artıb

Satıcıların sözlərinə görə, payız mövsümünün başlaması ilə satışlarda təxminən 30-40 faiz artım müşahidə olunur.

Alıcıların bir hissəsi yerli Mingəçevir və Kür balıqlarına üstünlük verir. Digərləri isə dorado, levrek və digər dəniz balıqlarını seçirlər.

Qiymətlər balığın növündən, ölçüsündən, çəkisindən, mənşəyindən və satış formasından asılı olaraq dəyişir.

Bazarda həm nisbətən münasib qiymətli balıqlar, həm də daha bahalı növlər təqdim olunur.

Təzə balıq necə seçilməlidir?

Bazarda apardığımız müşahidə bir daha göstərir ki, balıq alarkən yalnız görünüşə və qiymətə diqqət yetirmək kifayət deyil.

Alıcı satıcıdan balığın nə vaxt gətirildiyini, soyudulmuş, yoxsa dondurulmuş olduğunu, əvvəl şoklamadan keçib-keçmədiyini soruşa bilər.

Balığın gözlərinin şəffaflığı, qəlsəmələrinin rəngi, qoxusu və ətinin elastikliyi də ilkin qiymətləndirmə üçün əhəmiyyətli göstəricilərdir.

Ən vacibi isə budur ki, balıq tez xarab olan məhsuldur və onun saxlanma şəraiti satış yerindəki görüntüsündən daha önəmlidir.

Atalar demişkən, “balıq başdan iylənər”. Amma bazarda əsas məsələ təkcə balığın başının yox, onun piştaxtadan soyuducuya, soyuducudan şok kameraya, oradan isə yenidən piştaxtaya qədər keçdiyi yolun necə təşkil edilməsidir.

Alıcı üçün isə bu yolun mümkün qədər şəffaf olması vacibdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.