Day, Month 00, Year
00: 00: 00 AM
Hərbi liseyin Vətən müharibəsində şəhid olan məzunlarının sayı AÇIQLANDI

“Respublikamız müstəqilliyini bərpa etdikdən sonra hərbi liseyin məzunu olmuş 4332 kursant müxtəlif ali hərbi məktəblərdə təhsillərini davam etdirərək zabit rütbəsi almış və bu gün onlar Silahlı Qüvvələrin, eləcə də Azərbaycan Ordusunun zabit heyətinin böyük əksəriyyətini təşkil edirlər”.
Bunu Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilən ənənəvi “Hərbi Lisey Günü” tədbirində Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Ənvər Əfəndiyev bildirib.
Onun sözlərinə görə, məktəbin məzunlarından 20 nəfər ali hərbi rütbəyə yüksəlib:
“11 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, yüzlərlə məzun döyüş orden və medalları ilə təltif olunmuşlar. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 gün davam edən Vətən müharibəsində hərbi liseyin məzunları böyük rəşadət və şücaət göstəriblər. 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” (9 nəfər ölümündən sonra) fəxri adına layiq görülüb, 235 nəfər isə orden və medallarla təltif edilib”.
“Vətən müharibəsinin ilk günündən etibarən hərbi liseydə xidmət keçən 43 nəfər zabit, 12 gizir, 3 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu döyüş əməliyyatlarında iştirak etmiş, onlardan mayor Əliyev Asiman Vaqif oğlu şəhid olmuş, 3 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər almışlar. Hərbi liseyin məzunlarından 114 nəfəri şəhidlik zirvəsinə ucalıb”, - deyə general qeyd edib.


Tarix: 20-04-2021, 13:30 Oxunub: 124


Bölməyə aid digər xəbərlər