
Xəbər verildiyi kimi, jurnalist Jirayr Voskanyan Rusiyanın Zəngəzur bölgəsində hərbi mövcudluğunu artırdığını iddia edib. Jurnalist Meğri rayonunda yerləşən əsas yollarda Rusiya hərbçilərinin hələ də fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti rus hərbçilərinin həmin ərazilərdən çıxarıldığını bəyan etsə də, onlar yerli və xarici vətəndaşlara qanunsuz olaraq müxtəlif məhdudiyyətlər tətbiq etməkdə davam edirlər.
Voskanyan iddia edib ki, seçkilərdən sonra Avropa ölkələrindən və Ermənistanın digər bölgələrindən Meğriyə gələn şəxslərin avtomobilləri Nüvədi kəndi (erm. Nrnadzor) istiqamətində Rusiya hərbçiləri tərəfindən saxlanılıb. Bildirilib ki, Meğri qeydiyyatda olmayan Ermənistan və xarici ölkə vətəndaşlarından Nüvədi kəndinə daxil olmaq üçün xüsusi icazə tələb olunur. Jurnalist xatırladıb ki, sözügedən yol Zəngəzur dəhlizinin keçməsi nəzərdə tutulan marşrut üzərində yerləşir.
O iddia edib ki, saxlanılan şəxslər bir neçə saat gözlədildikdən və dindirildikdən sonra Meğri polis şöbəsinə aparılıblar. Voskanyan Ermənistanın aidiyyəti qurumlarını məsələyə aydınlıq gətirməyə çağıraraq, Rusiya hərbçilərinin Zəngəzurda hansı hüquqi əsaslarla fəaliyyət göstərdiyi və onların yerli sakinlərin hərəkət azadlığını məhdudlaşdırmaq səlahiyyətlərinin kim tərəfindən verildiyi ilə bağlı suallar ünvanlayıb.
Xatırladaq ki, Nüvədi kəndi Zəngəzurun qədim Azərbaycan kəndlərindən biri sayılır. Yerli azərbaycanlılar 1991-ci ilin avqustunda Ermənistan hakimiyyəti tərəfindən kəndi tərk etməyə məcbur edilib.
“Tramp yolu”na rus hərbçilərin yerləşməsi bölgədə yeni gərginliyə və eskalasiyaya səbəb ola bilərmi? Ruslar indidən süni maneələr yaratmaqla nə etmək istəyindədirlər?
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Jirayr Voskanyanın iddiaları doğrudursa, bu, ilk növbədə Rusiyanın Zəngəzur istiqamətində təsir imkanlarını qorumağa çalışdığını göstərir: “Lakin qeyd etmək vacibdir ki, hazırda bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib, Ermənistan, Rusiya və ya beynəlxalq müşahidəçilər tərəfindən dəqiq faktlarla təsdiq olunmadan qəti nəticə çıxarmaq çətindir. Rusiyanın məqsədi kommunikasiyalar üzərində nəzarəti saxlamaq imkanlarının olduğunu nümayiş etdirməkdir. Zəngəzur bölgəsi Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə baxımından strateji əhəmiyyət daşıyır. Moskva uzun illər Cənubi Qafqazda əsas təhlükəsizlik aktoru olub və regiondakı nəqliyyat-kommunikasiya xətlərinə nəzarəti itirmək istəmir”.
Onun fikrincə, Moskva üçün Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, həm də siyasi təsir alətidir: “Ərazi üzərində faktiki nəzarət imkanları gələcək danışıqlarda Rusiyanın mövqeyini gücləndirə bilər. Əgər söhbət ABŞ tərəfindən dəstəklənən və ya Vaşinqtonun maraq göstərdiyi alternativ nəqliyyat marşrutlarından gedirsə, həmin istiqamətdə Rusiya hərbi mövcudluğunun artması rəqabəti dərinləşdirə bilər. Ancaq bu, avtomatik olaraq hərbi eskalasiya demək deyil. Rusiya Ukrayna müharibəsi fonunda yeni cəbhə açmaq imkanlarına malik deyil”.






































