Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zaur Mikayılov: "Mərkəzi Aran rayonlarında 242 min hektardan çox suvarılan sahə mövcuddur"

Baxış: 63

Mərkəzi Aran iqtisadi rayonu Azərbaycanın aqrar inkişafında xüsusi rol oynayır.
"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib.
Onun sözlərinə görə, ölkədə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması ilə aqrar sahənin tərəqqisi, ərzaq təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının səmərəli idarə edilməsi və iqlim dəyişikliklərinin təsirlərinin minimallaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir: "Bu baxımdan ADSEA tərəfindən aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin minimuma endirilməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Mərkəzi Aran iqtisadi rayonu ölkənin aqrar inkişafında xüsusi çəkisi olan, taxılçılıq, yemçilik, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq sahələri üzrə mövcud istehsal potensialı regionun aqrar inkişafında xüsusi rol oynayır. Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və dayanıqlı su təminatından asılıdır".
Z.Mikayılov vurğulayıb ki, hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Ağdaş rayonunda 36 min 337 hektar, Göyçay rayonunda 26 min 568 hektar, Kürdəmir rayonunda isə 69 min 504 hektar, Ucar rayonunda 28 min 935 hektar, Yevlax rayonunda 42 min 786 hektar, Zərdab rayonunda 38 min 759 hektar, Mingəçevir şəhərində isə 1 099 hektar suvarılan sahə mövcuddur: "Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 9 375 kilometrə yaxın suvarma şəbəkəsini, 17 767 hidrotexniki qurğunu, 98 subartezian quyusunu və 231 nasos stansiyasını əhatə edir. Cari ildə bu rayonlar üzrə təxminən 76 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunub və hazırda da su təminatı davam etdirilir. Məhz cari ildə əldə olunan məhsuldarlıq göstəriciləri bir daha sübut edir ki, kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.