
Deputatı olduğum İmişli rayonunda vətəndaşlarla görüşən zaman təəssüflə qeyd etməliyəm ki, hər ay 3-4 yanmış evə, obyektə baş çəkməli oluram.
Bunu deputat Razi Nurullayev parlamentin iclasında deyib. Deputat bildirib ki, bu, artıq təsadüf deyil, ciddi sosial problemdir: “Hər dəfə həmin ailələrə eyni sualı verirəm: “Əmlak sığortanız varmı?” Cavab isə demək olar ki, həmişə “yox” cavabı olur. Ən düşündürücü məqam isə odur ki, bu sığortanın illik məbləği cəmi 40-50 manat civarındadır. Yəni bir ailənin bir illik təhlükəsizliyi çox kiçik bir məbləğlə təmin oluna bilərdi. Amma nəticədə insanlar bütün əmlakını itirir, sonra isə dövlətin və cəmiyyətin üzərinə əlavə yük düşür”.
R.Nurullayevin sözlərinə görə, bu vəziyyət göstərir ki, burada təkcə vətəndaş məsuliyyəti deyil, həm də sistemli yanaşma çatışmır: “Hesab edirəm ki, əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir. Bu addım həm vətəndaşların məsuliyyətini artıracaq, həm də fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü azaldacaq.
Biz insanları faciədən sonra yox, faciədən əvvəl qorumaq üçün əmlak sığortasını məcburi etməliyik”.







































