Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: Süni intellekt aqrar sektorda genişmiqyaslı şəkildə tətbiq olunur

Baxış: 54
Nazir: Süni intellekt aqrar sektorda genişmiqyaslı şəkildə tətbiq olunur


"Son dövrlər dünyada süni intellekt texnologiyalarının sürətli inkişafı dövlətlərin iqtisadi və texnoloji strategiyalarında yeni prioritetlər formalaşdırır. Azərbaycan da bu prosesdə aktiv mövqe tutur.
Bu strateji yanaşma kənd təsərrüfatı sahəsində də yeni imkanlar açır. Çünki aqrar sektor təbiət, iqlim və böyük həcmli məlumatlarla işləyən sahələrdən biridir və süni intellekt texnologiyalarının tətbiqi burada xüsusilə böyük əhəmiyyət daşıyır".
Sahibkartv.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov parlamentdə "Süni Zəka” mövzusunda keçirilən dinləmə zamanı deyib.
Nazirin sözlərinə görə, məhz bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə genişmiqyaslı rəqəmsal transformasiyanın artıq ikinci mərhələsini həyata keçirir. 
"2020-ci ildən etibarən qurulan Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla yanaşı, dövlət tərəfindən göstərilən dəstək mexanizmlərinin şəffaflığını, operativliyini və səmərəliliyini də ciddi şəkildə artırmışdır. Bu transformasiyanın yeni mərhələsi isə Aqrar Süni İntellekt layihəsidir.
Layihə çərçivəsində aqrar sahədə qərarverməni daha dəqiq və məlumat əsaslı etmək məqsədilə 30-dan artıq süni intellekt modulu müəyyən edilmişdir. Bu modullar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər məlumat mənbələrini bir araya gətirərək həm dövlətin kənd təsərrüfatı ilə bağlı strateji idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərarvermə prosesini dəstəkləyir",- nazir vurğulayıb.
Nazir əlavə edib ki, sistemlər vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları kimi mühüm məsələlər üzrə analitik məlumatlar formalaşdırılır: "Bu məlumatlar vahid rəqəmsal platformada emal olunur və fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə çatdırılır.
Beləliklə, aqrar idarəetmə modeli tədricən ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçir.
Bu yanaşma bir tərəfdən dövlətin aqrar siyasətinin daha effektiv planlaşdırılmasına imkan yaradır, digər tərəfdən isə fermerlərin gündəlik fəaliyyətində daha dəqiq və operativ qərarların qəbul edilməsinə kömək edir.
Süni intellekt texnologiyalarının aqrar sahədə tətbiqi təkcə texnoloji yenilik deyil, həm də kənd təsərrüfatının idarə edilməsində yeni düşüncə modelinin formalaşması deməkdir.
Azərbaycanın süni zəka və rəqəmsal texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi istiqamətində aparılan işlər bu sahədə yeni imkanlar yaradır və aqrar sektorun inkişafı üçün də mühüm perspektivlər açır.
Gələcək mərhələdə əsas məqsədimiz bu texnologiyaların tətbiqini daha da genişləndirmək, mövcud modulları inkişaf etdirmək və onların fermerlər üçün daha əlçatan olmasını təmin etməkdir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.