
2025-ci ilin yanvarın 1-dən mayın 23-nə qədər regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı 69 akt tərtib edilib.
Bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev “Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər” mövzusunda keçirilən mətbuat konfransında bildirib:
“Ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 29 protokol tərtib edilərək “İnzibati tənbehvermə haqqında Qərar” qəbul edilib, 1 fakt üzrə təbiətə vurulmuş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib. Cari ilin iyunun 1-dən dekabrın 16-na qədər Su Nəqliyyatından Polis İdarəsinin Mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı ümumilikdə 30 cinayət tərkibli hal yaranıb, 30 nəfər şəxs müvafiq məsuliyyətə cəlb olunub”.



































