
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar “İnsan hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu” mövzusunda tədbir keçirilib.
aia.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, hüquqşünaslar, vəkillər, mediatorlar, AHİK-in və üzv təşkilatlarının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AHİK-in sədr müavini Musa Mirzəyev Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu və insan hüquqlarının etibarlı müdafiəsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Bu sahədə formalaşdırılmış institusional və hüquqi mexanizmlərin insan hüquqlarının təminində mühüm rol oynadığı qeyd edilib.
Çıxışda həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar və sosial layihələrin insan hüquqlarının qorunması, sosial müdafiə hüququnun gücləndirilməsi və humanizm dəyərlərinin qorunması baxımından əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, həmkarlar ittifaqları layiqli əməyin və insan hüquqlarının əmək münasibətləri müstəvisində təmin edilməsinin mühüm ictimai institutlarından biridir. AHİK və onun üzv təşkilatları tərəfindən işçilərin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi, hüquqi yardımın göstərilməsi, kollektiv müqavilələrin təşviqi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, habelə hüquqi maarifləndirmə işinin gücləndirilməsi istiqamətində sistemli fəaliyyət aparılır.
Tədbirdə çıxış edən AHİK təmsilçiləri və Vəkillər Kollegiyasının üzvləri insan hüquqlarının müdafiəsi, əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının əhəmiyyəti və hüquqi maarifləndirmə barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində həmçinin insan hüquqlarının müdafiəsi sahəsində mövcud hüquqi çağırışlar, əmək münasibətlərinin tənzimlənməsinin aktual məsələləri müzakirə olunub. İştirakçılar insan hüquqlarının, xüsusilə əmək hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və sosial tərəfdaşlar arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.














































