
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “İş yerlərində gender bərabərliyinin təşviqi” mövzusunda tədbir təşkil olunub.
aia.az xəbər verir ki, tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri, AHİK-in və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyəti üzrə bürosunun (ACTRAV) təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin demokratik inkişafından, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasından bəhs edib. O, Azərbaycanda gender bərabərliyinin təşviqi və qadınların cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb, Azərbaycan qadınının ictimai nüfuzunun yüksəldilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi xidmətlərini vurğulayıb.
Bildirilib ki, Konfederasiya gender məsələlərinin təşviqinə xüsusi həssaslıqla yanaşır, əmək kollektivlərində bərabər imkanların yaradılması və qadınların əmək bazarında fəal iştirakının dəstəklənməsi ilə bağlı önəmli addımlar atır, qadınların sosial təminatının gücləndirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi diqqətdə saxlanılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev və Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Mehman İsmayılov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifələrini icra edən Fərid Babayev çıxışlarında gender siyasətindən bəhs edib, qadınların sosial-iqtisadi həyatın bütün sahələrində fəal iştirakı üçün yaradılan imkanları diqqətə çatdırıblar.
Tədbirə onlayn formatda qoşulan BƏT-in gender məsələləri üzrə mütəxəssisi Özgə Bərbər Agtaş çıxışında gender bərabərliyinin inklüziv və dayanıqlı əmək münasibətlərinin formalaşmasındakı əhəmiyyətini vurğulayıb, Azərbaycanda bu sahədə görülən işlərə diqqət çəkib.
Tədbirin yekununda “Gender bərabərliyi: ailə, əmək bazarı və milli inkişafın strateji gündəliyi” mövzusunda təqdimat edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.












































