Day, Month 00, Year
00: 00: 00 AM
Sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsidir



Məlumdur ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi və başlıca məqsədi əmlak istifadəsi, malların istehsalı, satışı, işlər görülməsi, xidmətlər göstərilməsi və s. zamanı mənfəət götürülməsi yöndə iqtisadi fəaliyyət növüdür və bu fəaliyyət növünün yaranma tarixinin orta əsrlərə gedib çıxdığı bildirilir. Yəni, orta əsrlərdə tacirlər, satıcılar, sənətkarlar, xeyriyyəçi missionerlər belə bir iqtisadi fəaliyyət növü ilə məşğul olmağa başlamışlar. Hazırda sahibkarlığın inkişafı ən yüksək mərhələyə gəlib çatmışdır. Ölkəmizdə sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla bugünə qədər böyük inkişaf yolu keçmişdir və Azərbaycanın malik olduğu müxtəlif təbii sərvətləri həm xarici iş adamlarının ölkəmizə gəlmələrinə, həm də yerli sahibkarlığın inkişaf etdirilməsində əvəzsiz rola malik olmuşdur. Ötən illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə, Azərbaycan Respublikasında sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir. Eyni zamanda Konstitusiyamızda bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar da öz əksini tapmışdır. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində qəbul olunmuş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, məhz sahibkarlığın bir sistem halında hüquqi bazasının təşkil olunmasına imkan vermişdir.
    Bu gün ölkəmizdə sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə olması və bu sahənin inkişafı ilə bağlı bir neçə Fərman və Sərəncamların imzalanması onu təsdiq edir ki, hazırda sahibkarlığın daha da inkişaf etdirilməsi yöndə yeni mərhələnin əsası qoyulmuşdur. Bu mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi, sahibkarlığın inkişafının sürətləndirilməsi, bu sektorun ölkəmizin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsi və fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılması, bu istiqamətdə dövlət dəstəyi tədbirləri çərçivəsinin genişləndirilməsi və onların ünvanlılığının daha da artırılması, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılması və s. nəzərdə tutulmuşdur. Bundan əlavə, son illər ölkə başçısı Azərbaycan sahibkarlarına xarici ölkələrə ixrac missiyalarını genişləndirmək sahəsində də ciddi dəstək verib. Faktdır ki, möhtərəm Prezident İlham Əliyev sahibkarlarla keçirdiyi görüşlərində sahibkarlığın inkişafının ölkə üçün prioritet məsələlərdən biri olduğunu daim vurğulayır və  bəyan edir ki, hazırda sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək də göstərilir.
   Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən  uzaqgörənliklə davam etdirilməsi nəticəsində hazırda ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidentinin “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Ən əsası, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Əslində sahibkarlar Gününün təsis olunması ölkəmizin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
    Onu da qeyd edək ki, 24 aprel 2021-ci il tarixdə Goranboy rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə birgə, Goranboy rayonundakı Heydər Əliyev Mərkəzində Biznes Forum keçirir. Keçirilən Biznes Forumda Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Respublika Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Konfederasiyanın Gəncə, Mingəçevir, Ağstafa və yerli nümayəndələri, sahibkarlar, iş adamları, rayonun bir çox idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin ictimai fəallar, bəzi KİV-nin nümayəndələri iştirak edirlər. Bu Biznes Forum Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının bölgələr üzrə keçirdiyi ilk tədbir olur ki, bu da olduqca əhəmiyyət daşıyır. Keçirilən tədbirdə sahibkarlığın inkişaf etdirilməsinə aid bir çox məsələlər müzakirə olunur, həmçinin ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən sahibkarların iş yerlərinə daha çox işçi qəbul etmələri, işğaldan azad olunmuş torpaqlarda gələcəkdə görüləcək işlərlə bağlı müəyyən maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi də qeyd olunub. Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev Biznes Forumda çıxışı zamanı qeyd edir ki, “Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizdə sahibkarlığın inkişafına lazımi səviyyədə dövlət qayğısı göstərilir,  özəl sektorun inkişafına xüsusi önəm verilir. Yerli istehsalın və sahibkarlığın stimullaşdırılması üçün bir sıra vergi güzəştlərinin tətbiqi, həmçinin sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi və s. məhz göstərilən diqqət və qayğının nəticəsidir”. İcra Başçısı Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Goranboy nümayəndəliyinin fəaliyyətinə də toxunur və Nümayəndəliyin qısa zaman kəsiyində gördüyü işləri lazımınca dəyərləndirir. Həmçinin, rayon rəhbərliyi koronaviris (COVİD-19) infeksiyasının yayılması səbəbindən ölkəmizin ərazisində, o cümlədən Goranboy rayonunda xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtlarda sahibkarların fəaliyyətini yüksək qiymətləndirir. Yəni, İcra Başçısı çıxışı zamanı “Goranboyda fəaliyyət göstərən sahibkarlar xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtlarda ölkə rəhbərinin çağırışına səs verdilər, dövlətə dayaq oldular, rəhbərlik etdikləri sahələrdə çalışan işçilərin əmək haqlarının verilməsində və digər təminatlarının ödənilməsində əsl vətəndaşlıq nümunəsi göstərdilər. Sözsüz ki, RİH-nin başçısı olaraq biz də sahbkarlığın inkişaf etdirilməsinə hər an lazımi dəstəyimizi göstəririk” deyə qeyd edir.
    Keçirilən Biznes Forumda iştirak edən digər şəxslər isə vurğulayırlar ki, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, hazırda sahibkarlığın həm inkişaf etdirilməsinə, həm də ölkəmizə xarici investisiyaların cəlb olunmasına lazımi imkanlar açır. Tədbirdə Konfederasiyanın Həmakarlar Komitəsinin rayon təşkilatına sədr seçilir və icra başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən  “Ölkədə sahibkarlığın inkişafına verdiyi dəstəyə görə” Fəxri Fərmanla təltif olunur. Həmçinin, tədbir iştirakçılarına Konfederasiyanın prezidenti Məmməd Musayevin təbriki çatdırılır. Bundan əlavə, tədbirin sonunda bir qrup sahibkar, iş adamları pandemiya dövründə göstərdikləri fəaliyyətə görə Goranboy rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə də təltif olunurlar.
     Bütün bunları əsas tutaraq onu qeyd etmək olar ki, bu gün sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən birini təşkil edir. Zamanın tələblərinə uyğun həyata keçirilən islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafına dövlət dəstəyi sayəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabət qabiliyyətli müəssisələr fəaliyyətə başlayır, ölkə iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər. Faktdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son 18 ildə sahibkarlıq sahəsində davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və belə bir yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması istiqamətində ilə qətiyyətli addımlar atılmaqdadır.

Rüstəm Nağıyev

Azərbaycan Respublikası Sahibkarlar  Konfederasiyasının Goranboy rayonu üzrə nümayəndəsi



Tarix: 27-04-2021, 13:40 Oxunub: 351


Bölməyə aid digər xəbərlər