Day, Month 00, Year
00: 00: 00 AM
Göy-göl rayonunun sahibkarlıq fəaliyyəti


Azərbaycanın digər gözəl və turistik bölgələrindən biri də Göy-göl rayonudur. Göygöl rayonu inzibati rayon kimi 1930-cu ilin avqust ayında təşkil olunmuşdur. 1938-ci ilə qədər Nərimanov rayonu olub. 1938-ci ildə rayoXanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu, Yelenendorf qəsəbəsi isə rayonun mərkəzi Xanlar şəhəri adlandırılmışdır. 2008-ci il aprel ayının 25-də Milli Məclis rayonun Göygöl adlandırılması haqda qərar qəbul etmişdir. Rayon Azərbaycan Respublikasının qərbində dağlıq və dağətəyi zonada yerləşir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir, bənzərsiz təbiəti olmaqla, zəngin florası və faunası var. Rayon şimalda Gəncə şəhəri və Samux rayonu ilə, şərqdə Goranboy rayonu ilə, cənubda Kəlbəcər rayonu ilə, cənubu-qərbdə Daşkəsən rayonu ilə, qərbdə Şəmkir rayonu ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 55 km, qərbdən şərqə 36 km uzanır. Göstərilən sərhədlər daxilində Göygöl rayonunun sahəsi 935,7 kvadrat kilometrdir. 27 inzibati ərazi dairəsinin tərkibində 1 şəhər (Göygöl şəhəri), 5 qəsəbə (Xanlar, Qızılqaya, Hacıməlik, Aşağı Zurnabad, Firuzabad qəsəbələri) və 39 kənd mövcuddur. Rayonda 25 bələdiyyə fəaliyyət göstərir. Rayon ərazisindən Gəncə-Daşkəsən və Bakı-Tblisi magistral avtomobil yolları keçir. Rayon mərkəzindən 15 km məsafədə Gəncə dəmir yolu stansiyası, 12 km məsafədə isə Gəncə hava limanı yerləşir. Respublikamızın paytaxtı Bakı şəhəri ilə rayon mərkəzi arasındakı məsafə 364 km-dir. Respublikamızın digər dağətəyi rayonlarında olduğu kimi, Göygöl rayonunun da iqlim göstəriciləri yüksəklik üzrə dəyişir. Dağətəyi ərazilərdə və alçaq dağlıqda qışı quraq keçən mülayim-isti, orta dağlıqda qışı quraq keçən soyuq, yüksək dağlıqda isə dağ tundra iqlimi hakimdir. Havanın orta illik temperaturu rayon ərazisində müsbət 10 dərəcədən yüksək olduğu halda bəzi yüksək dağlıq zonada 0 dərəcədir. Rayonun əsas təsərrüfat fəaliyyətini taxılçılıq, kartofçuluq, maldarlıq, qoyunçuluq, meyvəçilik, tərəvəzçilik, arıçılıq, quşçuluq və üzümçülük təşkil edir. Orta hesabla ildə 18249 ton taxıl, 8983 ton kartof, 4981 ton tərəvəz, 1558 ton meyvə və gilə meyvə, 2474 ton ət, 20324 ton süd, 277 ton yun, 9521000 ədəd yumurta istehsal olunur. Göy-göl r5ayonunda da digər rayonlarda olduğu kimi sahibkarlıqla məşğul olurlar. Rayonda 264 şəxsi müəssisə, bundan 14 kooperativ, 63 MMC, 131 kiçik müəssisə, 56 kəndli fermer təsərrüfatı, 16 dövlət müəssisəsi fəaliyyət göstərir. Dövlət müəssisələri: 
-Çaykənd qızılbalıq artırma zavodu – qızılbalıq körpəsi yetişdirilir.
-Camışçılıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – damazlıq camış saxlanılır.
-Ətlik maldarlıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – Hallavey və Zebu cinsindən olan iri buynuzlu mal qara saxlanılır.
-Taxıl toxumçuluğu üzrə Bağmanlar Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – taxıl toxumu istehsal olunur.
-Qızılca qırma daş zavodu – qırma daş istehsal olunur.
Şəxsi müəssisə və Səhmdar Cəmiyyətlər.
-"Göygöl Şərab Zavodu" ASC İstehsal gücü saatda 6000 ədəd butulka olan araq süzmə, istehsal gücü saatda 3000 ədəd butulka olan şərab süzmə, istehsal gücü sutkada 500 dekalitr olan konyak spirti, şampan şərabı sexləri, ümumi sahəsi 3000 m² olan zirzəmiləri vardır. 
Xammal mənbəyi olan 352 hektar üzüm bağı salınmışdır.
-"Azəraqroinvest" MMC – 295 hektar üzüm bağı vardır.
-Səmədoğlu şirkəti – 300 baş damazlıq üçün iribuynuzlu mal qara saxlanılır.
-ASR şirkəti – Makoron, toyuq əti, yumurta, mineral su, limanad və lambrin istehsal olunur.
-Fəhralı sahibkar müəssisəsi – mineral süfrə suyu və limonad istehsal olunur.
Göy-göl rayonu ölkəmizə gələn turistlərin daha çox marağını cəlb edir. Göy-göl Kəpəz dağının ətəyində, səfalı bir guşədə yerləşir. Onun ətrafında daha 7 eyni mənşəli göl vardır. Uçqunların əmələ gətirdiyi bənd nəticəsində Göy-göl, Maral-göl, Zəli-göl, Ağ-göl, Şamlı-göl, Ördək-göl, Ceyran-göl, Qara-göl gölləri yaranmışdır. Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Su aynasının sahəsi 80 hektara yaxındır. Gölün uzunluğu 2450 m, eni 595 m, ən dərin yeri 95 m-dir. Buradakı təmiz, şəffaf suyun həcmi 24 mln kub m-ə çatır. Maral-göl dəniz səviyyəsindən 1902 m yüksəklikdə yerləşir, sahəsi 23 hektardır, ən dərin yeri 60 m-dir. Göy-göldən fərqli olaraq, onun ətrafını subalp çəmənlikləri əhatə edir. Çaylardan əsasən suvarmada istifadə olunur. Çaylarda suyun səviyyəsi yaz aylarında artır. 
Əsas çaylar: Kürəkçay, Gəncəçay və Qoşqarçaydır. Bu çaylardan ən uzunu Kürəkçaydır. 
Onun uzunluğu 108 km, su toplayıcı sahəsi 2080 kv.km-dir. Mənbəyinin hündürlüyü 3100 m, mənsəbi isə 18 m-dir. Kür çayına tökülür və Kürün sağ qolu sayılır.


Tarix: 22-07-2021, 12:34 Oxunub: 580


Bölməyə aid digər xəbərlər