Day, Month 00, Year
00: 00: 00 AM
Son 5 ildə qida məhsullarının idxalı 68 faiz artıb - SƏBƏB

Son illərdə qida məhsullarının idxalındakı artım sürəti ümumi idxaldakı artım sürətini xeyli qabaqlayır. 
Sfera.az gömrük məlumatlarına istinadən bildirir ki son 5 ildə ümumi idxal 14 faiz, qida məhsullarının idxalı 68 faiz artıb. 

Qida məhsullarında idxal həcminin daha sürətlə artması nəticəsində onun ümumi idxaldakı payı 12-15 faiz səviyyəsindən 17 faiz səviyyəsinə yüksəlib. İndi Azərbaycanın idxala xərclədiyi hər 100 dolların 17 dolları qida məhsullarının alışına sərf olunur. 

2015-ci ildə cəmi idxalımız 9,2 milyard dollar, qida mallarının idxalı 980 milyon dollar (cəmi idxalın 10,6 faizi) idi. 2018-ci ildə ümumi idxal 11,5 milyard dollar, qida məhsullarının idxalı 1,37 milyard dollar (12 faiz), 2020-ci ildə ümumi idxal 10,73 milyard dollar, qida mallarının idxalı 1,64 milyard dollar (15,3 faiz) olub. 2021-ci ilin yanvar-may ayları ərzində ümumi idxalımız 4,4 milyard dollar olduğu halda, qida mallarının idxalı 755 milyon dollar olmaqla cəmi idxalın 17,2 faizini təşkil edib. Mövcud dinamika ilin sonuna kimi qalarsa, qida məhsullarının idxalına xərclənəcək vəsait 1,8 milyard dolları ötəcək ki, bu da növbəti rekord göstəricidir. 
 
Son 5 ilin nəticəsinə əsasən, qida məhsullarının idxalındakı sürətli artımın qarşısını almaq mümkün deyil. 

Bəs, qida məhsullarının idxal dəyəri niyə belə sürətlə artır?  
Sahibkartv.az saytına danışan iqtisadçı-ekspert Rəşad Həsənov son 5 ildə qida məhsullarının idxalının 60 faizdən çox artmasını gömrük məlumatlarının dəqiqləşdirilməsi ilə əlaqələndirdi. Ekspert, 5 il ərzində tələbin dəyişməsi səbəbindən qida məhsullarının idxal dəyərinin bu dərəcədə artmasını mümkün hesab etmir: 
"Yeyinti məhsullarının idxalının 60 faiz artması üçün ya alıcılıq qabiliyyəti kəskin şəkildə artmalıdır, ya da yerli istehsal əhəmiyyətli dərəcədə zəifləməlidir. Son 5 ildə yerli istehsal zəifləməyib, əksinə kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Əhalinin alıcılıq qabiliyyəti isə zəifləyib. 

Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalı da xeyli artıb. Kənd təsərrüfatının ümumi məhsulunun istehsalındakı artım son 5 ildə 30 faizə çatır. 
Bu vəziyyətdə qida məhsullarının idxalının artmasının daxili tələbdən qaynaqlandığını demək çətindir. 
Əgər bu faktorların heç biri yoxdursa, o halda, qida mallarının idxalının kəskin artması başqa səbəblə izah edilə bilər. Burada yeganə səbəb idxalın uçota alınmasının şəffaflaşması, dəqiq olması ilə bağlıdır. Görünür, əvvəllər də yeyinti məhsullarının idxalı böyük olub, amma dəqiq uçot aparılmayıb. Son illərdə isə uçotun dəqiq olması yeyinti məhsullarının idxal göstəricisinin kəskin yüksəlməsinə səbəb olub”. 


Tarix: 17-06-2021, 14:46 Oxunub: 461


Bölməyə aid digər xəbərlər