Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hindistandan Rusiyaya yola salınacaq ilk müntəzəm yük qatarı Azərbaycandan keçəcək

Baxış: 533
Bu ilin iyun ayında "Rusiya Dəmir Yolları"nın (RDY) törəmə şirkəti olan "RDY Logistika" Hindistandan Rusiyaya müntəzəm yük (konteyner) qatarını yola salmağı planlaşdırır ki, onun marşrutu digər ölkələrlə yanaşı, Azərbaycandan da keçəcək.
Rusiya mətbuatı xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "RDY Logistika"nın baş direktoru Dmitri Murev deyib.
Onun sözlərinə görə, indiyədək qatarlar yalnız Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi boyunca sınaq rejimində hərəkət edirdi.
"Biz daha bir qatarı buraxmağı planlaşdırırıq, sınaq deyil, müntəzəm rejimdə. Dəmiryol xəttinin (İranda) olmaması daşımaların təşkilində bizə mane olmur. Bəli, orada avtomobil yolları var, amma bu, hər halda multimodal xidmətdir", - D. Murev qeyd edib.
İran ərazisində, Rəşt və Astara yaşayış məntəqələri arasındakı 250 km uzunluğunda dəmir yolunun tikintisinin bir hissəsi hələ tamamlanmayıb və işlərin nə vaxt başa çatacağı hələ bəlli deyil.
D. Murev yaranan problemi yolun əkinçilik ərazilərdən keçməsi və bu məsələyə dair İran hökumətinin hələ qərar verilmədiyi ilə izah edib. Bununla yanaşı, tikinti işlərinin aparılması üçün investor da tapılmayıb.
"İran ətrafında mövcud sanksiya rejimi, əlbəttə ki, mane olur və layihəyə qoşula biləcək beynəlxalq oyunçular vəziyyətin necə inkişaf edəcəyini gözləyirlər", - deyə D. Murev bildirib.
Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizinin uzunluğu 7,2 min km-dir və Sankt-Peterburq ilə Hindistanın Mumbay şəhərlərini birləşdirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.