Day, Month 00, Year
00: 00: 00 AM
Araz və Mil-Muğan su anbarlarının birgə istifadəsinin 50-ci ildönümü qeyd edilib

Araz çayı boyunca inşa edilmiş Araz və Mil-Muğan su anbarlarından birgə istifadə edilməsinin 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib.
Energetika Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan və İran İslam Respublikasının hökumət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş mərasim ərazidəki sərgi ilə tanışlıqdan başlanıb. Tədbirdə Azərbaycan tərəfdən Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, İran tərəfdən isə Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi açılış nitqləri ilə çıxış ediblər. Araz çayı üzərində Azərbaycan və İran tərəfindən tikilərək 1971-ci ildə birgə istismara verilmiş, həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı, həmçinin “Araz” SES və hər iki ölkənin ərazisində 400 min hektar sahənin suvarılmasını təmin edən Mil-Muğan su anbarının regional əməkdaşlığın inkişafında əhəmyyəti diqqətə çatdırılıb.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov deyib ki, bu gün ölkə prezidentlərinin iradəsinə uyğun olaraq həyata keçirilən birgə layihələr əlaqələrimizi daha da möhkəmləndirir: “Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Araz və Mil-Muğan su anbarlarının dostcasına birgə istifadəsinin 50 illiyinin xüsusi mərasimlə qeyd edilməsi əlaqələrimizin möhkəm tarixi köklər üzərində daha da inkişafının göstəricisidir.”
Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi bildirib: “Bu gün həm mədəni sərvət, həm də bölgə insanları üçün iqtisadiyyatın həyat arteriyası olan, bir çaydan daha üstün məna daşıyan Araz çayı ətrafında toplaşmışıq. Bu çay, geniş əməkdaşlığımız üçün üzümüzə açılan böyük bir dünyanın nümunəsidir. İnşallah ki, sabahın işıqlı günləri üçün əməkdaşlığı davam etdirəcəyik. Dağlıq Qarabağ münaqişəsinin bitməsini və bölgədə davamlı sülhün bərqərar olmasına dair razılıqları nəzərə alaraq bütün ölkələrin əməkdaşlığı üçün yaxşı bir fürsət yaradılıb. Azərbaycanla hər cür əməkdaşlığa hazırıq.”
Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və İran İslam Respublikasının energetika nazirinin su məsələləri üzrə müavini Ghasem Taghızadeh də çıxış edib. Zaur Mikayılov əmin olduğunu vurğulayıb ki, mövcud su ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması, su təminatında yarana biləcək çətinliklərin vaxtında qarşısının alınması və hər iki dövlətin su və enerjiyə olan tələbatının ödənilməsi məqsədilə bu sahədə fəaliyyət bundan sonra da uğurla davam etdiriləcək. Ghasem Taghızadeh isə iki ölkə arasında Araz çayı üzrə əməkdaşlığın və rəğbətli münasibətin bütün dünyada sülh və dostluğun gözəl nümunəsi ola biləcəyini deyib.


Tarix: 31-05-2021, 14:25 Oxunub: 214


Bölməyə aid digər xəbərlər