Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Mərkəzi Bankı və "Visa" Strateji Əməkdaşlıq Müqaviləsi imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və "Visa" arasında ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb.
Məlumatda həmçinin deyilir ki, AMB ölkədə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi məqsədilə qlobal ödənişlərdə lider təşkilatlar ilə davamlı olaraq əməkdaşlıq edir. Ötən dövr ərzində qurumun strateji tərəfdaşı qismində çıxış etmiş "Visa" ilə birlikdə “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bir sıra uğurlu layihələrə imza atılıb. Qarşılıqlı əməkdaşlıq çərçivəsində ölkədə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması məqsədilə davamlı olaraq stimullaşdırıcı kampaniyalar keçirilib, ölkədə mobil qurğulardan istifadə etməklə ödənişlərin təhlükəsiz rejimdə həyata keçirilməsini təmin edən “Visa Token Service” innovativ həlli ölkəmizə gətirilərək bir sıra banklarda tətbiq edilib, eyni zamanda ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi layihəsinin ilkin mərhələsi reallaşdırılıb.
"Visa" ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi məqsədilə imzalanmış yeni strateji anlaşma ödəniş bazarının inkişafını sürətləndirən əsas drayverlərin dəstəklənməsi, innovativ ödəniş həllərinin təqdim edilməsi, mobil ödənişlərin artırılması, habelə maliyyə savadlılığı və inklüzivliyin genişləndirilməsi istiqamətində təşəbbüslərin realizasiyasını ehtiva edir.
AMB ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində innovativ həllər üzrə təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini daima diqqət mərkəzində saxlayır.


Tarix: 7-05-2021, 14:12 Oxunub: 137


Bölməyə aid digər xəbərlər