Day, Month 00, Year
00: 00: 00 AM
Rayonlara gediş-gəlişin bərpası bölgələrdə turizmə necə təsir edib?

Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması nəticəsində həftəsonları regionlardakı hotellərin doluluq səviyyəsi demək olar ki, pik həddə olur.
Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, Azərbaycanda sərt karantin rejimi yumuşaldılıb, rayon və şəhərlərarası gediş-gəliş bərpa olunduqdan sonra regionlardakı hotellər yerli turistləri qəbul etməyə başlayıb:
"Yerli turistlər səyahət zamanı daha çox qar yağan rayonları seçirlər. Onu da qeyd edim ki, digər rayonların hotellərində də canlanma müşahidə olunur. Bir ilə yaxındır ki, pandemiya səbəbindən çətinliklə üzləşən turizm sektorunda rayon və şəhərlər arası gediş-gəlişin bərpa olunması nəticəsində canlanma müşahidə edilir. Gediş-gəlişin bərpa olunması daxili turizmin bərpasına təkan verir və ona müsbət təsir göstərir. Lakin unutmayaq ki, pandemiya hələ bitməyib, turistlər və turizm obyektləri Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməli, sosial məsafə və gigiyena məsələlərinə diqqət yetirməlidirlər".
G.Qəhrəmanov əlavə edib ki, ölkəmizdə vaksinasiyaya başlanılma yayda turizmin bərpa ediləcəyinə də ümid yaradır.
Şura sədri hesab edir ki, COVİD-19-a yoluxma sayı artmasa, bu il yay mövsümündə daxili turizm tam fəaliyyət göstərə bilər.


Tarix: 2-02-2021, 15:42 Oxunub: 124


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı