Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR: “Neft-qaz sənayesində əməkdaşlığın yeni dövrünün astanasındayıq”


“Biz hazırda Azərbaycan-Türkmənistan arasında neft-qaz sənayesində əməkdaşlığın bəlkə də yeni dövrünün astanasındayıq və yatağın yeni adı da bu baxımdan olduqca rəmzidir. Ölkələrimizin etnik və dini yaxınlığı da bu əməkdaşlığın perspektivli olmasına zəmin yaradır”.
Bunu Sahibkartv.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.  
O, bu gün “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə əlaqədar məsələni şərh edib.
“Dostluq” - Azərbaycanda əvvəl “Kəpəz” adı altında, Türkmənistanda isə “Sərdar” kimi tanınan yatağın yeni adıdır. Xəzər dənizinin Azərbaycan və Türkmənistana aid olan sektorlarının sərhədində yerləşən bu yataq Azərbaycanlı mütəxəssislər tərəfindən hələ Sovet dövründə kəşf edilib. İlkin dəyərləndirməyə əsasən, “Dostluq” yatağını neft-qaz potensialına görə “Qarabağ” yatağı ilə təxminən bir sırada görmək olar. Müstəqillik dövründə yatağın birgə işlənməsi ilə bağlı danışıqlara başlanmış və hazırda bu istiqamətdə mühüm razılıq əldə olunub” - deyə, İbrahim Əhmədov açıqlamasında bildirib. 
O əlavə edib ki, imzalanan memorandum “Dostluq” yatağının işlənməsi istiqamətində atılan ilk addımdır:
“Düşünürəm ki, qarşıdakı aylarda yataqda müasir üsulla kəşfiyyat işlərinin aparılması, yatağın işlənməsi üçün lazımlı əlavə infrastrukturun texniki parametrləri, mühəndislik layihələndirmə işləri, eləcə də kommersiya məsələləri müzakirə olunmalı və öz həllini tapmalıdır.
Layihənin başlanğıc nöqtəsində olsaq da, bunu da qeyd etməliyik ki, Azərbaycan neftçiləri “Dostluq” yatağını kəşf etməklə artıq layihəyə mühüm bir töhfə veriblər. Bundan əlavə, Azərbaycanda digər yataqların işlənməsi üçün dənizdə yaradılmış kommunikasiya xətləri, eləcə də Xəzərin qapalı hövzəsini dünya bazarlarının üzünə açan beynəlxalq neft və qaz kəmərlərinin mövcudluğu “Dostluq” yatağından hasil olunacaq məhsulun sahilə və dünya bazarlarına çatdırılması üçün münbit şərait yaradır. Başqa ifadə ilə desək, məhsulu bazara çıxarmaq üçün lazım olan infrastrukturun bir qismi artıq Azərbaycanda mövcuddur, yəni, bu istiqamətdə müəyyən sərmayə qoyuluşlarına faktiki qənaət oluna bilər”. 


Tarix: 21-01-2021, 14:31 Oxunub: 121


Bölməyə aid digər xəbərlər