Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanda vergi islahatları ən səmərəli islahatlardır - XARİCİ İNVESTORLAR

Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") üzv şirkətləri Azərbaycanda iqtisadi sahədə aparılan islahatları və koronavirus pandemiyasının iqtisadi təsirini dəyərləndiriblər. Əldə olunmuş nəticələr 32ölkəni təmsil edən 170 üzv şirkət arasında keçirilən sorğunun nəticələrinə əsaslanır.
Sahibkartv xəbər verir ki, respodentlərin 60 %-dən çoxu 10 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir və ya əməkdaşlıq edirlər. Respondentlərin əksəriyyəti (55 %) COVID-19-in mənfi təsirlərinin qısa müddətli olacağını gözləyirlər və onların əksəriyyəti Azərbaycan iqtisadiyyatının hazırki vəziyyətini sabit olaraq qiymətləndirirlər. Respondentlərin təxminən yarısı (49 %) 2020/2021-ci illər üzrə yeni sərmayə qoyuluşlarını həyata keçirməyi və ya onları genişləndirməyi planlaşdırırlar.
İslahatlar və yeni imkanlar
Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər ölkədə vergi və gömrük sahələrində həyata keçirilən islahatları yüksək dəyərləndiriblər, onların davam etdirilməsini məqsədəuyğun hesab edirlər.
Respondentlərin qiymətləndirilməsinə görə, beşliyə daxil olan ən səmərəli islahatlar arasında birinci yeri vergi islahatları (69 %) tutur. Biznes sektorunun təmsilçilərinin fikrincə, iqtisadi islahatlar və bazarın liberallaşdırılması tədbirləri 62 %, iqtisadi fəaliyyətdə antikorrupsiya tədbirlərinin görülməsi 62 %, gömrük sahəsində islahatlar 58 %, hökümət tərəfindən COVID-19 əleyhinə görülən tədbirlərin 58 % səmərəlilik göstəricisi təşkil edir.
“Vergi orqanları tərəfindən vergi prosedurılarının sadələşdirilməsi, vergi yükünün azalması və vergi yığımının səmərəliliyinin artırılması məqsədilə atılan mühüm addımlar sadələşdirilmiş verginin azaldılması və özəl qeyri-neft sektoru üçün tətbiq olunan vergi güzəştləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən xarici biznesə açıq şəkildə əlavə təkan verib”, - deyə hesabatda deyilir.


Şirkətlərin qiymətləndirmələrinə görə, bu tədbirlərdən sonra “kölgə iqtisadiyyatı” və qeyri-rəsmi məşğulluğun miqyası aydın şəkildə azalıb. “Bu, bağlanan əmək müqavilələrinin sayının artmasına və dövlət büdcəsinə vergi daxilolmaların artımına gətirib. Bunu nəzərə alaraq, təccüblü deyil ki, sorğu olunan xarici şirkətlərin 10-dan 7-si vergi islahatlarını daha effektiv hesab edirlər”, - hesabatda qeyd olunur.
İnvestisiya imkanları
Respondentlər Azərbaycanda sabit siyasi vəziyyətin olmasını ölkədə işgüzar mühitin güclü dayağı kimi qiymətləndirirlər və onların yarısı (50 %) Azərbaycana sərmayə qoymağa tövsiyə edirlər. Respondentlərin qiymətlərndirilməsinə görə, Azərbaycanda birbaşa xarici investisiyaları cəlb etmək üçün lazım olan 3 ən vacib islahat sırasına investisiyaların stimullaşdırılması üçün daha konkret proqramların təqdim olunması (73 %), məhkəmə-hüquq islahatlarının sürətləndirilməsi və genişləndirilməsi (70 %), vergi sistemində şəffaflığın artırılması (67 %) daxildir.


Azərbaycanda bu istiqamətlərdə aparılan islahatlar investisiya proqramlarının genişlənməsinə əhəmiyyətli təkan verib. İnvestisiya siyasətinin əsas vəzifəsi ölkənin sosial-iqtisadi inkişafına tələb olunan resursların cəlb edilməsi və onların səmərəli istifadəsi üçün əlverişli şəraitin yaradılmasıdır. Bu gün bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, şirkətlərin, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir dönəmdə Azərbaycan, həm daxili, həm də strateji əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində əlverişli mövqe nümayiş etdirir. Həmçinin Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazırlanan “Birbaşa Xarici İnvestisiyaların təşviqinə dair 2021-2025-ci illər üçün strategiya” beynəlxalq müstəvidə ölkənin cəlbedici investisiya məkanı kimi imicini formalaşdırılmasında mühüm rol oynayacaq. Azərbaycanda olan təhlükəsizlik, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti müxtəlif layihələrin gerçəkləşməsinə təminat verir. Beynəlxalq hesabatlarda və qiymətləndirmələrdə Azərbaycanın mövqeyinin yaxşılaşması ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir. Həm "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020”, həm də Dünya Bankının “Doing Business” hesabatı ilə bağlı son dəqiqləşdirici məlumatı bunu bir daha təsdiq edir.
Bu amil həm də ölkəmizin mövcud potensialının, eləcə də iqtisadi imkanlarının təqdimatında, investisiyanın cəlb edilməsində vasitə kimi xarakterizə etmək olar. Çünki aparıcı şirkətlər investisiya qərarı verən zaman ölkələrin beynəlxalq hesabatlarda mövqeyinə diqqət yetirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda pandemiyanın təsirlərinə baxmayaraq iqtisadi mühit yeni sərmayələr cəlb etməyə, iqtisadi itkiləri bərpa etməyə və yeni sosial layihələr icra etməyə imkan verəcək.
Qeyd edək ki, Azərbaycanda pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə təsirini azaltmaq üçün tədbirlər davam edir. Pandemiyanın təsirlərinin minimallaşdırılmasını şərtləndirən iqtisadi məsələlərin mərhələli şəkildə həlli ölkə üçün prioritet hədəflərdəndir. Görülən tədbirlərin iqtisadi sabitliyin təmin olunmasına müsbət təsiri həm ölkə daxilində, həm də xarici biznes ictimaiyyəti tərəfindən təqdir olunur.


Böhran zamanı iqtisadi münasibətlər
Böhranların baş verməsi iqtisadiyyata və maliyyə münasibətlərinə ciddi şəkildə təsir göstərir. Böhranların qarşısının alınmasına zəmanət vermək demək olar ki, mümkün deyil. Bu baxımdan onlarla mübarizə tədbirləri gündəmə gəlir. İqtisadi zərərlərin qarşısının alınması mexanizmləri daha çox sabitliyin möhkəmləndirilməsi istiqamətinə yönəlik metod və vasitələri özündə əks etdirməlidir. Bununla yanaşı, ölkənin iqtisadi imkanları və kənar təsirlərə qarşı dayanıqlı olması əsas şərtlərdəndir.
Azərbaycanda son illər həyata keçirilən islahatlar, maliyyə ehtiyatlarının genişləndirilməsi böhran dövründə resurslardan istifadə edilməsinə imkan yaratdı. Azərbaycanın praktiki olaraq pandemiya ilə əlaqədar qarşıya qoyulan hədəflərə çata bildiyini rəsmi statistika və pandemiyanın təsirlərinin minimallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı sosial dinləmələr və ictimai sorğular da təsdiqləyir. İş adamlarının mövqeyi və fikirləri xüsusi önəm daşıyır


Tarix: 25-12-2020, 18:10 Oxunub: 199


Bölməyə aid digər xəbərlər