Day, Month 00, Year
00: 00: 00 AM

Əhalinin müharibədən zərər çəkmiş şəxslərə yardım etmək arzusu olduqca güclüdür - AÇIQLAMA

YAŞAT” Fondunun yaradılması onun vəsaitlərinin istifadə dairəsinə müvafiq olaraq işlərin mərkəzləşdirilmiş formada daha effektiv və ünvanlı olmasını təmin edəcək. 
Bu sözləri  Milli Məclisin komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) səmərəlilik payı haqqında məlumat verərkən deyib.
Millət vəkili bildirib ki, müharibədən əziyyət çəkmiş şəxslərin həm maddi cəhətdən, həm müavinətlərin təyin olunması baxımından, eləcə də, onların ev və avtomobillərlə təmin olunması ilə bağlı dövlətin həyata keçirdiyi sosial siyasət kifayət qədər güclüdür, eyni zamanda, əhatəlidir:
“Bütün bunlarla yanaşı son zamanlar cəmiyyətin bütün üzvlərinin də bu prosesdə aktiv iştirak etmək arzusu müşahidə olunur. Bu təcrübə artıq mövcuddur, həm Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, həm Silahlı Qüvvələrə Yardım Fonduna əhalinin, ayrı-ayrı fiziki şəxslərin, hüquqi şəxslərin ianələrin edilməsində kifayət qədər aktiv iştirak etməsi belə bir praktikanın da həyata keçirilməsinin səmərəli olduğuna dəlalət edir”.
Komitə sədri əlavə edib ki, hazırda, cəmiyyətdə Vətən müharibəsində rəsmi şəkildə iştirak edən şəxslərə, şəhid və əlil ailələrinə, eyni zamanda, bu prosesdən zərər çəkmiş insanlara dövlətlə yanaşı digər fiziki şəxslərin, əhalinin də yardım etmək arzusunun olması və bu arzunun kifayət qədər güclü olması bu işlərin mərkəzləşdirilmiş formada həyata keçirilməsini labüd edir:
“Təbii ki, bu arzudan sui-istifadə edən insanlar da oldu və onlardan bəziləri həbs edildi. Bu cəhətdən baxsaq, belə bir fondun yaradılması müvafiq işlərin mərkəzləşdirilmiş formada daha şəffaf və effektiv, eyni zamanda ünvanlı olmasını təmin edəcək. Düşünürəm ki, bu fond indidən sonra müharibədən əziyyət çəkən insanların sosial qayğı ilə əhatə olunmasında həm dövlətin, həm də əhalinin eyni istiqamətdə səylərinin koordinasiya edilməsi istiqamətində mühüm işlər görəcək”.


Tarix: 8-12-2020, 15:27 Oxunub: 132


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı