İnflyasiyanı cilovlamaq əsas prioritetə çevrildi
Avrozonanın mövcud olduğu bütün dövr ərzində inflyasiya ilk dəfə bu il ikirəqəmli oldu. Almaniyada hətta inflyasiya 71 ilin maksimumunu yenilədi. Amerika Birləşmiş Ştatlarında da durum fərqli olmadı. Əksər ölkələr kimi Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşdi. Ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiyanın yüksəlməsi Azərbaycanda istehlak qiymətlərinə həm birbaşa, həm də dolayı (istehsalçı qiymətləri vasitəsilə) təsir göstərdi. Ərzağın 60 %-dən çox bahalaşması ikirəqəmli inflyasiyanın formalaşmasına gətirib çıxardı.
Dünyanın əksər mərkəzi bankları inflyasiyanın cilovlanmasını əsas prioritet kimi müəyyən edərək pul-kredit siyasətinin sərtləşdirilməsinə, yəni uçot dərəcəsinin sistematik olaraq artırılmasına getdilər. Azərbaycan da bu mənada istisna olmadı. Azərbaycan Mərkəzi Bankı il ərzində 4 dəfə uçot dərəcəsini artıraraq 8,25 %-ə çatdırdı. Tənzimləyicinin son hesabatına əsasən illik inflyasiya tempi proqnozlaşdırılan trayektoriyaya uyğun olaraq azalıb. Son 6 ayda dünya üzrə ərzağın 14 % ucuzlaşması, tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi Azərbaycanda son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edib. Nəticədə noyabrda illik inflyasiya 15,1 %-ə (əvvəlki ayda 15,6 % olub) düşüb və bundan sonra da inflyasiyanın düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmi daha da artdı
Son bir neçə ildə Avropanın enerji daşıyıcıları tədarükündə Rusiyadan asıllığının “köhnə kontinent”in enerji təhlükəsizliyi üçün təhdid olması məsələsi səngimək bilmirdi. Lakin Rusiyadan xüsusilə təbii qaz idxalında əhəmiyyətli dərəcədə asıllığı olan Almaniyanın dirənişi sayəsində “Şimal Axını-2” boru kəməri bu gün gəlib çatdığı mərhələyə kimi irəliləyə bildi. Lakin 24 fevraldan (Rusiyanın Ukraynaya qarşı təcavüzünün başlanma tarixi) sonra vəziyyət köklü şəkildə dəyişdi. Oncə ABŞ, Böyük Britaniya, daha sonra isə Avropa İttifaqı ölkələri Rusiyadan neft və təbii qaz almaqdan imtina etdilər.
Avropa enerji təhlükəsizliyini möhkəmləndirmək və qaz tədarükünü şaxələndirmək istiqamətində işləri sürətləndirdi. Rusiyanın təbii qazından asıllığı azaltmaq yolunda Avropa ABŞ və Norveçlə yanaşı Azərbaycanı da alternativ tərəfdaş kimi gördü. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bunun bariz nümunəsidir.

Avropanın enerji təhlükəsizliyinin təmin olunması yönündə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in mühüm əhəmiyyəti var. Sənəd kontinentin "yaşıl enerji" təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir. Azərbaycanda quruda külək və günəş enerjisinin potensialının 24 qiqavatdançox olması bu sahənin inkişafı üçün geniş imkanlar vəd edir və bu istiqamətdə müvafiq işlər bu il də davam etdi.
Belə ki, 230 meqavat gücündə olan "Qaradağ" Günəş Elektrik Stansiyasının və 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməli qoyuldu.
Bununla yanaşı Azərbaycanın Energetika Nazirliyi və BP şirkəti arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalandı. Sənədə görə, "Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılmasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelinin tətbiqi planlaşdırılır. Bu model istehsal olunan enerjinin dövlət və ya özəl alıcılara satışına imkan yaradır.

Bir il əvvəlki göstəricilərlə müqayisədə bu ilin ilk 11 ayında xam neft ixracı dəyər ifadəsində 49 % artıb, həcm olaraq isə 4,8 % azalıb. Bütövlükdə hesabat dövründə neft-qaz sektoru üzrə ixracın dəyəri 93 % artıb. İxracın 92,6 %-i məhz bu altsektorun payına düşüb. Göründüyü kimi hələ də Azərbaycan iqtisadiyyatının lokomativi və əsas gəlir mənbəyi kimi neft-qaz sektoru çıxış edir.
Qeyri-neft-qaz sektorunun inkişafı sürətlənib
Buna baxmayaraq qeyri-neft ixracındakı müsbət dinamika bu ildə saxlanıldı. Bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 % artaraq rekord həddə 2,688 milyard ABŞ dollarına çatıb. Eyni zamanda qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Hesabat dövründə qeyri-neft-qaz sektorunda əlavə dəyər 9,2 % artıb. Halbuki, bu sektorda ÜDM-nin həcmi ötən ilin 11 ayında 2020-сi ilin müvafiq dövrünə nisbətən cəmi 6,4 % artıb. Bu il ilk dəfə Azərbaycanın qeyri-neft ixracının illik dəyəri 3 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.

Ölkənin tranzit imkanlarının inkişafı üçün münbit vəziyyət yarandı
Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır.
İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır.

Orta Dəhlizin şaxələndirilməsini təmin edəcək Zəngəzur dəhlizinin tikintisi də davam edib. Dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 %-i, avtomobil yolu üzrə 70 %-i icra olunub. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. SSRİ dövründə bu dəmir yolu xətti çox fəal şəkildə fəaliyyət göstərirdi, onunla təqribən 10 milyon ton yük ötürülürdü.
Qarabağın milli iqtisadiyyata sürətli inteqrasiyası təmin olunacaq
Ötən il oduğu kimi 2022-ci ildə də işğaldan azad olunmuş torpaqların bərpası və yenidənqurulması, həmin ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyası yönündə əhəmiyyətli addımlar atıldı.
Məlumdur ki, ötən il Füzuli, bu il isə Zəngilan Beynəlxalq Hava Limanları istifadəyə verildi.Zəngilan əhəmiyyətli coğrafi mövqeyə malikdir. O, Avropaya, cənuba daha yaxındır. Eyni zamanda Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq. Hava limanı yüklərin daşınmasını asanlaşdıracaq.
Azərbaycan 18 yük təyyarəsi ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Bununla yanaşı növbəti 10 il ərzində əlavə 9 yük təyyarəsinin alınacağı gözlənilir. Azərbaycandan keçən yüklərin həcminin artdığı və ölkənin yük təyyarələri parkının genişləndiyini nəzərə alsaq, o zaman Zəngilan hava limanının yük təyyarələri parkı üçün təyinat məntəqələrindən olacağını deyə bilərik. Hava limanının mövcudluğu regionun turizm mərkəzi kimi formalaşmasında mühüm rol oynacaq.

Azərbaycanın iqtisadi inkişaf perspektivləri sözü gedən Dövlət Proqramının və digər layihələrin rellaşdırılması üçün gəlirlərin dayanıqlığını təmin edəcəyini deməyə əsas verir.
İqtisadi inkişaf perspektivləri üzrə gözləntilər nikbindir
Azərbaycanın əsas ixrac xammalı olan neftin qiymətinin gələn il artacağı gözlənilir. Belə ki, “Bank of America” “Brent” markalı neftin bir barelin qiymətinin 100 ABŞ dolları ətrafında, “Goldman Sachs” – 90-95 ABŞ dolları, “PMorgan Chase & Co” – 90 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırırlar. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) isə orta qiymətin 92 ABŞ dolları səviyyəsində olacağını gözləyir. Hazırda “Brent” neftinin bir bareli 84 ABŞ dollarına satılır.
Gələn il Azərbaycanın dövlət büdcəsində neftin orta qiyməti 50 ABŞ dolları səviyyəsində götürülüb. Nəzərə alsaq ki, dünya bazarında neftin orta qiymətləri 90 ABŞ dolları ətrafında proqnozlaşdırılır, bu, büdcə daxilolmaları baxımından, həmçinin ölkənin tədiyə balansının nəinki profisitli olmasına onun artması üçün kifayət qədər komfortlu sayıla bilər.

Həyata keçirilən islahatlar nəticəsində bu ilin sonuna xarici borcumuzun ümumi daxili məhsuldakı payının 10 %-ə qədər azalacağı gözlənir. Eyni zamanda valyuta ehtiyatlarımızın xarici borcdan 8 dəfə çox olması, mümkün şoklar qarşısında etibarlı təhlükəsizlik yastığı formalaşdırır və onlara adekvat reaksiya verməyə imklan verir.