Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanın idman strategiyası - TƏHLİL

"Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur... İndiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər”
Prezident İlham Əliyevin sentyabrın 7-də imzaladığı sərəncamla Fərid Fazil oğlu Qayıbov Azərbaycanın yeni gənclər və idman naziri təyin edilib. Bunun ardınca dövlət başçısı İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. O, qarşıdakı illərdə gənclər və idman siyasəti sahəsində gözləntiləri yeni nazirin diqqətinə çatdırıb. Qeyd edib ki, idman sahəsində buraxılan nöqsanlar araşdırılmalı, ciddi təhlil aparılmalıdır.
İdmançı nəsillər arasında məsafə
Prezident İlham Əliyev Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlərin qeyri-qənaətbəxş olduğunu xatırladıb, bütün federasiyalarda mövcud olan vəziyyətin ciddi təhlil edilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət yetirilməlidir: "Son Olimpiya Oyunlarında medal qazananlar, əsasən bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir.
Necə ola bilər ki, nəsillər arasında belə bir ara, məsafə yaranır? Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin”.
Vətənpərvərlik hissləri ön planda olmalıPrezident İlham Əliyev idman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazım olduğunu söyləyib. Deyib ki, bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır: "Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur... İndiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır”.
Uğurların davamlılığını təmin etməkÖlkə başçısının yeni gənclər və idman naziri qarşısında qoyduğu tələbləri "Kaspi” qəzetinə şərh edən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov bildirib ki, ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində əldə etdiyi parlaq qələbədən sonra Azərbaycan bir çox sahələrdə yeni mərhələnin başlandığını bəyan edib. Onun sözlərinə görə, naziri qəbul edən Prezidentin gənclər və idman siyasəti sahəsində bundan sonra görüləcək işlərlə bağlı fikirləri də bu sahədəki yeni yanaşmadan xəbər verir: "İdman elə bir sahədir ki, hər bir ölkənin tanınmasında çox mühüm rolu var. Bu baxımdan yanaşsaq, Prezident İlham Əliyevin yeni naziri qəbul edərkən dilə gətirdiyi irad və təkliflər başa düşüləndir. Cənab Prezident Azərbaycanda idmanın inkişaf etməsinə, həmçinin gənclərin inkişafına hər zaman öz dəstəyini verib. Bu dəstəyin və uğurlu siyasətin nəticəsidir ki, azərbaycanlı atletlər indiyə qədər keçirilən bir çox idman yarışlarında uğurlu nəticələr əldə ediblər. Bu uğurların davamlı olmasını təmin etmək gərəkdir. Təhsil, elm, səhiyyə və digər sahələrdə müxtəlif uğurlara imza atan gənclərimiz nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər”.
Milli-mənəvi ruhda tərbiyə
Millət vəkili söyləyib ki, gənclərimizin, idmançılarımızın milli-mənəvi ruhda tərbiyə olunması, dəyərlərimizə sahib çıxması üçün indiyə qədər bir çox işlər görülüb. Onun qənaətincə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində Ermənistan ordusunu darmadağın etməsi, işğal altında saxlanılan ərazilərimizi azad etməsi buna əyani misaldır: "Silahlı Qüvvələrimizin sıralarında yer alan əsgər, çavuş, gizir və zabitin hər biri Vətəninə, millətinə, ölkəsinə, milli-mənəvi dəyərlərimizə son dərəcə bağlı olan vətəndaşlardır. Onların bir çoxu dünənki, bir qismi isə bugünkü gənclərdir. Ordumuzun şəxsi heyəti döyüş meydanında öz vətənpərvərliyini ən yüksək səviyyədə nümayiş etdirib, düşmənə layiqli yerini göstərib. Böyüməkdə olan gənc nəslin də bu cür – vətənpərvərlik ruhunda tərbiyə olunması mütləqdir, vacibdir. Yeni naziri qəbul edən ölkə başçısı bu istiqamətdə də müvafiq tapşırıqlar verdi”.
Yad təsirlərə məruz qalmamaq
Azərbaycanın dünyada müstəqil siyasət yürüdən ölkələrdən biri olduğunu diqqətə çatdıran deputat bildirib ki, bu, bəlli güc mərkəzlərini, beynəlxalq dairələri qıcıqlandırır: "Onlar müxtəlif yollarla Azərbaycana təzyiq və təsir göstərmək, öz iradələrini ölkəmizə yeritmək, şərtlərini diktə etmək istəyirlər. Bu zaman gənclərdən istifadə etməyə, onlardan hansısa məqsədlər naminə yararlanmağa çalışırlar. İndiyə qədər dəfələrlə belə cəhdlər olub. Xarici qüvvələrin daxilimizdə olan əlaltıları, antimilli fəaliyyət göstərən qruplar, qaragüruhçular vasitəsilə gənclərimizi ələ almağa müxtəlif cəhdlər göstəriblər. Xarici dairələr gənclərimizin beyinlərini "yeyib” müstəqil, sabit, demokratik şəkildə inkişaf edən Azərbaycanda xaos yaratmaq, bununla ölkəmiz üzərində öz geosiyasi maraqlarını təmin etmək istəyiblər. Azərbaycanı bu kimi yollarla təsir dairəsinə salmağa çalışıblar. Müasir dövrümüzdə də belə cəhdlərə rast gəlinir. Məhz buna görə də Prezident İlham Əliyev gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda tərbiyə olunmasının, xarici təsirlərin altına düşməməsinin vacibliyini diqqətə çatdırıb”.


Tarix: 12-09-2021, 09:30 Oxunub: 128


Bölməyə aid digər xəbərlər