Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Baxış: 162
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib.

Belə ki, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana gizli köçürülməsi fəaliyyətinin təşkilində təqsirli biliniblər.

B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər.

Eyni zamanda, hökmlə ibtidai istintaq dövründə məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş “Binance” beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib.

Vurğulanmalıdır ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və vasitələrin, cinayət yolu ilə əldə olunan əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. Bununla yanaşı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, həmçinin virtual aktivlər başa düşülür.

Kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsinin icrası mexanizmi praktiki olaraq yenilikdir və müvafiq məsələ mediada geniş müzakirə mövzusudur. Bu baxımdan hazırkı dövrədək tənzimlənməyən sözügedən sahə Azərbaycanla yanaşı, qlobal miqyasda da nisbətən yeni istiqamət olaraq qalır.

Xatırladaq ki, Azərbaycanda virtual aktivlər və kripto bazarlarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunun qəbul edilməsi istiqamətində intensiv işlər aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.