Day, Month 00, Year
00: 00: 00 AM
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
QanunXəbər.com dövlət başçısının müraciətinin tam mətnini təqdim edir:
- Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq.
Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin! Eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir. Otuz il ərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırdı. Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdi, bizim təbii resurslarımızı istismar edirdi, oğurluq, talançılıq onların xislətidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilər dayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Bütün binalar sökülüb, talan edilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan edilib, təhqir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları əbədi işğal altında saxlayacaqlar. Onlar bizim şəhərlərimizin adlarını dəyişdiriblər, rayonlarımızın sərhədlərini dəyişdiriblər, kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı erməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər, Azərbaycan xalqının iradəsini qıra bilmədilər.
Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. Necə ki, vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, bizim məscidlərimizi dağıdırdı. Biz Çocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır.
Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik.
30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar, Laçın şəhərində minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da - Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq və ondan sonra "referendum" keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma "Dağlıq Qarabağ respublikasını" tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanısınlar. Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək, başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik. Amma onlar ağılını itiriblər. Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir.
Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.
Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, - bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, - aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik.
Ona görə, bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi "güclü ordusu" haqqında uydurmalar ortalığa atırdı, "yenilməz Ermənistan ordusu" barədə miflər yaradırdı. Haradadır bu "yenilməz Ermənistan ordusu?". Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq. Otuz il bizi təhqir edirdi. Otuz il idi ki, işğal edilmiş torpaqlarda abidələrimizi dağıdırdı, tarixi-mədəni irsimizi silmək istəyirdi. Otuz il ərzində beynəlxalq aləm nə üçün sanksiya tətbiq etmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə demişəm ki, sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi öz xoşu ilə bu torpaqlardan çıxmaq istəmir. O, bizi aldadır, danışıqları imitasiya üçün aparır. Onlara inam yoxdur və mən haqlı çıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam quran ölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaq istəsəydilər, bunu etməzdilər. Yəni, onların hər bir sözü yalandır. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdıra bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını törədib. Gəncənin bombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat veriblər ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsaydı deyərdilər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan atılıb, hara dəyib. Ballistika raketlərə döyüş tapşırığı verilir. O təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma ağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəs kim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalan danışırdılar, Azərbaycan özü Xocalı soyqırımını törədib, indi də yalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibələrdə yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq. Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər. Ona-buna zəng edirlər, kömək edin, kömək edin! Bəs, hanı sənin "müzəffər ordun", hanı sənin "yenilməz ordun?!". Bizim üçün müqəddəs olan Cıdır düzündə Ermənistanın baş naziri sərxoş vəziyyətdə rəqs edirdi. Fikirləşməli idi ki, bu təhqir Azərbaycan xalqına necə təsir edə bilər? Amma hesab edirdi ki, heç kim onlara toxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr onları bundan sonra da müdafiə edəcək, dünya erməniliyi, erməni lobbiləri, ondan sonra onların bəzi dost ölkələri. Ona görə azğınlaşmışlar, ona görə qudurmuşlar. Onlara yerlərini göstərdik, onların başından elə zərbə vurduq ki, çətin ayılsınlar. Onların ordusunu, texnikasını demək olar ki, məhv etmişik. Qaçırlar, hələ qaçacaqlar.
Bir sözlə, döyüş meydanında bizim üstünlüyümüz artıq heç kimə sirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər.
Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz "Twitter" hesabımda, "Twitter" vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Çox çətin məsələdir.
Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir.
Bu gün ənənəyə, gözəl ənənəyə sadiq qalaraq Azərbaycan xalqına yeni bilgilər vermək istərdim. Düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları ilə bağlı məlumatı əziz xalqıma çatdırıram.
Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar.
Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 "Qrad" qurğusu məhv edilib. İki "Uraqan", iki "YARS" məhv edilib. Bir TOS məhv edilib. Dörd "S-300" zenit-raket kompleksi məhv edilib. Son dəfə mən bu məlumatı Azərbaycan ictimaiyyətinə çatdıranda iki "S-300" zenit-raket kompleksi məhv edilmişdi. Bu gün artıq dörd kompleks məhv edilib. Hər bir kompleksin, hər bir qurğunun qiyməti bəllidir, çox bahalı hərbi texnikadır. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - "Elbrus", bir ballistik raket, bir "Toçka-U" raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcəyik. Olan-qalan da məhv ediləcəkdir.
İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.
Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.
Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.
Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!
Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!
Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!


Tarix: 20-10-2020, 16:36 Oxunub: 244


Bölməyə aid digər xəbərlər