
Rusiyanın son vaxtlar Avropa ölkələrinə qarşı nüvə silahından istifadə ehtimalını gündəmə gətirən yeni təhdidləri bu hərbi-siyasi qarşıdurmanın ən təhlükəli inkişaf istiqaməti hesab olunur... Halbuki, Kremlin nüvə təhdidləri, hazırda mövcud olan hərbi-siyasi qarşıdurma mərhələsində Rusiyanın onları reallaşdırmaq imkanında olduğu anlamına da qətiyyən gəlmir...
Avropa məkanında Rusiya ilə hərbi qarşıdurma təhlükəsi yaxınlaşdıqca, “qoca qitə”də narahatlıq da ciddi şəkildə artır. Belə ki, Almaniya kəşfiyyatı Rusiya ilə savaş təhlükəsinin artıq yeni mərhələyə keçdiyini iddia edir. Avstriyanın hakim siyasi dairələri isə belə gərgin situasiyada Avropa Birliyi ölkələrinin hərbi-siyasi gücünü kiçiltməməyə çağırır. Eyni zamanda, Rusiyanın nüvə təhdidləri və xarici işlər naziri Sergey Lavrovun Almaniyanın ölkədaxili problemlərin üzərinı örtmək üçün müharibəyə ehtiyac duyduğu iddia etməsi mövcud hərbi-siyasi gərginliyi daha da artırır.
Məsələ ondadır ki, Almaniyanın xarici kəşfiyyat xidmətinin rəhbəri Martin Yeger Bundestaqda keçirilən açıq dinləmələrdə Rusiyadan qaynaqlanan hərbi təhlükə ilə bağlı ciddi xəbərdarlıqlar edib. Onun sözlərinə görə, hazırda Almaniya üçün Rusiya qədər birbaşa, genişmiqyaslı və konkret təhlükə yaradan başqa bir xarici dövlət mövcud deyil. Eyni zamanda, Almaniyanın xüsusi xudmət servisinin lideri Rusiyanın onun ölkəsinə qarşı kiberhücumlar, PUA-lar və digər hibrid vasitələrdən istifadə etməklə, “kölgə müharibəsi” apardığını da vurğulayıb.
Digər tərəfdən, Almaniya kəşfiyyatı Rusiyanın indi NATO ərazisinə qarşı birbaşa açıq genişmiqyaslı hücumlara hazırlaşması ilə bağlı inkaredilməz əlamətlərin mövcud olmadığını da etiraf edir. Bu isə o deməkdir ki, Almaniya kəşfiyyatının rəsmi Berlinə xəbərdarlığı əslində, yaxınlaşan müharibənin qaçılmazlığı barədə qəti sübutlara bağlı deyil. Yəni bu, daha çox ehtimal olunan hərbi təhlükənin mümkün ssenarilərinə hazırlıqlı olmaq çağırışı kimi görünür. Və üstəlik, Baltikyanı ölkələrə qarşı Rusiyanın daha məhdudmiqyaslı hərbi addımlar ata biləcəyi ilə bağlı ehtimallar isə Şərqi Avropada təhlükəsizlik narahatlıqlarını ciddi şəkildə artırır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya Avropa ölkələri arasında intensivləşən savaş xəbərdarlıqlarını daha çox siyasi məqsədlərlə əlaqələndirməyə çalışır. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl Almaniyanın ölkədaxili problemlərin üzərini örtmək üçün Rusiya ilə müharibəyə ehtiyac duyduğunu iddia etmişdi. Və bu bəyanat Kremlin Avropanın Rusiyadan gözlənilən hərbi təhlükəyə qarşı hazırlıqlarını manipulyasiya etməyə çalışdığını da göstərir.
Eyni zamanda, Rusiya xarici işlər nazirinin məlum ittihamı ilə Almaniya kəşfiyyatının savaş xəbərdarlıqları arasında yaranan kəskin ziddiyyət isə Avropa məkanında təhlükəsizlik dilemmasının ciddi şəkildə dərinləşdiyini də biruzə verir. Belə ki, əksər Qərb ölkələri Rusiyanın hərbi potensialını və hibrid savaş təhdidlərini mümkün qədər cilovlamaq üçün müdafiə imkanlarını sürətlə gücləndirməyə çalışırlar. Və Kreml üçün isə NATO-nun genişlənməsi, eləcə də, Avropanın silahlanması məhz Rusiyaya qarşı yeni real hərbi təhlükənin tərkib hissəsi kimi qəbul olunur.
Bütün bunları nəzərə aldıqda, Avstriya rəsmi dairələrinin Avropa Birliyinin qlobal hərbi-siyasi gücü ilə bağlı mövqeyi də mövcud gərgin situasiyada xüsusilə böyük əhəmiyyət daşıyır. Rəsmi Vyana Avropa ölkələrinin qlobal məkanda zəif və əhəmiyyətsiz hərbi-siyasi oyunçu kimi təqdim edilməsinin yanlış yanaşma tərzi olduğunu vurğulayıb. Avstriya siyasi dairələri hesab edirlər ki, dünyada özünü nəhəng kimi göstərməyə çalışan yalnız bir “cırtdan” ölkə var və həmin dövlət məhz Rusiyadır.
Təbii ki, Rusiyaya qarşı bu sərt yanaşma tərzi Avropa məkanında Kremlin hərbi-siyasi təhdidlərinə münasibətdə daha inamlı mövqe nümayiş etdirmək istəyinin tədricən gücləndiyini də göstərir. Belə ki, Avropa Birliyi ölkələri iqtisadi potensial, hərbi texnologiya, maliyyə imkanları və siyasi-diplomatik təsir baxımından, böyük resurslara malikdir. Ancaq həmin resurs üstünlüklərinin Avropa Birliyinin vahid siyasi strategiyasına çevrilməsi prosesi qarşısında hələlik müəyyən əngəllər də mövcuddur. Çünki müdafiə xərcləri, təhlükəsizlik prioritetləri və Rusiya ilə qarşılıqlı münasibətlər məsələsində Avropa dövlətlərinin mövqeləri arasında kifayət qədər ciddi ziddiyyətlər hələ də qalmaqdadır.
Məsələ ondadır ki, Rusiyanın son vaxtlar Avropa ölkələrinə qarşı nüvə silahından istifadə ehtimalını gündəmə gətirən yeni təhdidləri hərbi-siyasi qarşıdurmanın ən təhlükəli istiqaməti hesab olunur. Belə ki, Kremlin nüvə təhdidləri Qərb dövlətlərinə qarşı təzyiq göstərmək, onların Ukraynaya dəstəyini məhdudlaşdırmaq və mümkün hərbi müdaxilə ilə bağlı çəkindirici təsir mühiti yaratmaq məqsədi daşıyır. Halbuki, Kremlin nüvə təhdidləri, indiki hərbi-siyasi qarşıdurma mərhələsində Rusiyanın onları reallaşdırmaq imkanında olduğu anlamına da gəlmir.
Ona görə də, hazırda Avropa ölkələri üçün mövcud vəziyyətdən qaynaqlanan konkret təhlükələri daha realistcəsinə qiymətləndirilməsi olduqca vacibdir. Bu baxımdan, indi Avropa ölkələrinin qarşısında duran əsas məsələ Rusiyanın mümkün hərbi addımlarının bloklanması, NATO daxilində birliyin qorunması və çəkindirmə mexanizmlərinin gücləndirilməsi ilə yanaşı, siyasi-diplomatik kanalları da açıq saxlamağı bacarmaqdır. Çünki prezident Vladimir Putin Rusiyanın heç bir Avropa dövlətinə hücum etmək niyyətində olmadığını, ancaq ölkəsinə qarşı hərbi təcavüz olacağı təqdirdəsə, buna ən sərt şəkildə cavab veriləcəyini bildirib. Halbuki, bu, Qərb paytaxtlarında Rusiyanın hərbi davranışları və nüvə təhdidləri ilə bağlı mövcud narahatlıqların aradan qaldırılması üçün qətiyyən yetərli deyil.
Göründüyü kimi, Avropa ölkələri və Rusiya arasında münasibətlər təhlükəli hərbi-siyasi qarşıdurma istiqamətində inkişaf edir. Ona görə də, hazırda əsas savaş riski qarşıduran tərəflərin bir-birinin hərbi niyyətlərini yanlış qiymətləndirməsi və nəticədə situasiyanın nəzarətdən çıxma təhlükəsi ilə birbaşa bağlıdır. Və bu baxımdan, Avropa məkanı ölkələrinin hərbi-siyasi gücünün əsas sınağı savaşa sürüklənmək deyil, əksinə, ehtimal edilən dağıdıcı müharibənin qarşısını almaq olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,







































