Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanda Anım Günü ilə bağlı keçirilən tədbirlər xarici ölkələrin media resurslarının diqqət mərkəzində

Vətən müharibəsinin başlamasının ildönümü, Anım Günü dünyanın müxtəlif ölkələrinin aparıcı media qurumlarının da diqqət mərkəzində olub. Xəbərlərdə Anım Günü ilə bağlı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər, keçirilən müxtəlif tədbirlərlə əlaqədar informasiyalar yer alıb.
Sahibkartv.az xəbər verir ki, Anım Günü ilə bağlı xəbərlər qardaş Türkiyənin bütün aparıcı KİV-lərində geniş işıqlandırılıb. “Anadolu” Agentliyinin yaydığı “İkinci Qarabağ müharibəsinin ildönümündə şəhidlərin xatirəsi anıldı” sərlövhəli məqalədə Prezident İlham Əliyevin xalqa müraciəti zamanı qardaş Türkiyəyə Vətən müharibəsindəki dəstəyinə görə təşəkkür etdiyi bildirilir və dövlətimizin başçısının səsləndirdiyi fikirlərdən sitat gətirilir: “Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi”.
Türkiyənin “sabah.com.tr”, “trthaber.com”, “hurriyet.com.tr”, “yenisafak.com”, “ahaber.com.tr”, “haberglobal.com.tr” və digər media platformalarında da Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad olunması ilə əlaqədar keçirilən tədbirlərdən, Anım Günündə Azərbaycan və Türkiyə prezidentləri arasındakı telefon danışığından bəhs edən materiallar verilib. Yazılarda, həmçinin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda təşkil olunan yürüş barədə də çoxsaylı məlumatlar və fotolar təqdim edilib.
Gürcüstanın aparıcı KİV-ləri də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr – Anım Günü ilə bağlı xalqa müraciətinə, ölkəmizdə keçirilən anım tədbirlərinə geniş yer verib. Bu ölkənin “gaxa.ge”, “report.ge”, “24news.ge”, “interpress.ge”, “aktual.ge” informasiya resurslarında dərc edilən xəbərlərdə dövlətimizin başçısının xalqa müraciətində Vətən müharibəsi və onun nəticələri ilə bağlı səsləndirdiyi fikirlərə istinad edilir.
Ukraynanın media resursları da Anım Günü ilə bağlı materiallar verib. “Ukrinform” saytının verdiyi məlumatda bildirilir ki, Anım Günü ilə bağlı Azərbaycanda bir sıra tədbirlər keçirilib, məscidlərdə, kilsələrdə, sinaqoqlarda Vətən müharibəsində həlak olan qəhrəmanların ruhuna dualar olunub. Qeyd olunur ki, Anım Günü paytaxt Bakıda yürüş təşkil olunub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da yürüşdə iştirak ediblər. Materialda Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlinin də qoyulduğu diqqətə çatdırılır. Bu ölkənin “podrobnosti.ua”, “newformat.info” saytlarında da Anım Günündə Bakıda keçirilən yürüşlə bağlı informasiyalar verilib.
Rusiyanın “rbc.ru”, “sng.today”, “news.ru”, “vestikavkaza.ru”, “info24.ru” və digər media resurslarında da paytaxt Bakıda Anım Günü ilə əlaqədar keçirilən yürüş ilə bağlı informasiyalar verilib. Qonşu ölkənin “TASS”, “Ria Novosti”, “lenta.ru” saytlarında verilən materiallarda isə Prezident İlham Əliyevin Anım Günü ilə bağlı xalqa müraciəti zamanı səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.
Moldovanın nüfuzlu KİV-lərində də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüş geniş işıqlandırılıb. “point.md”, “noi.md”, “tribuna.md”, “bloknot-moldova.md”, “jurnal.md” xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdikləri yürüş və ölkəmizdə keçirilən digər anım tədbirləri ilə bağlı ətraflı məlumatlar yer alıb.
Anım Günü ilə bağlı tədbirlər Pakistanın “dnd.com”, Almaniyanın “stern.de”, İspaniyanın “EFE”, İsrailin “Yerusəlim Post”, Əlcazairin “Əl-Vasit Əl-Mağaribi” media resurslarında da Vətən müharibəsinin başlanmasının ildönümü və Azərbaycanda keçirilən anım tədbirləri ilə bağlı informasiyalar verilib.


Tarix: 28-09-2021, 19:30 Oxunub: 216


Bölməyə aid digər xəbərlər