Day, Month 00, Year
00: 00: 00 AM
Avropadan iqtisadi dəyərləndirmə: Azərbaycanda biznes mühiti əhəmiyyətli dərəcədə dəyişib

Təxminən, 30 illik işğaldan azad edilmiş torpaqların ölkənin iqtisadi dövriyyəsinə qaytarılması Azərbaycanın bu ərazilərin bərpası işinə sərmayə cəlb etməsi üçün böyük imkanlar açır. Bu isə öz növbəsində orta və uzun müddətdə milli iqtisadiyyatın sürətli inkişafı üçün güclü stimul ola bilər.
“İşin həcmi çox böyükdür. 10 min kvadrat kilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var. Biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Fikrimcə, artıq onlar özləri maraq göstərə bilərlər. Ona görə ki, biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən müraciətlər alırıq”, - Prezident İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, artıq şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastrukturun – yolların, körpülərin inşası ilə bağlı xidmətlərin göstərilməsi üçün müraciətlər var.
Yerli mütəxəssislər razılaşırlar ki, azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə ölkənin yaxın 10 ildə iqtisadi sıçrayışı üçün unikal fürsət yaranacaq.
Sərmayələrin cəlb edilməsi hökumətdən biznes mühitini yaratmağa yönəlmiş islahatların davamlı aparılmasını tələb edir.
Son illərdə dövlət prosedurlarının şəffaflığını artırmaq, biznesi kölgə iqtisadiyyatından çıxarmaq, elektron xidmətləri genişləndirmək, xarici və yerli sərmayədarlar üçün cəlbedici vergi sistemi yaratmaq və s. istiqamətdə çox sayda işlər görülüb. İslahatlar qeyri-neft-qaz sektorunu inkişaf etdirmək, eləcə də kiçik və orta sahibkarlıq (KOS) müəssisələrini gücləndirməklə yerli iqtisadiyyatın şaxələndirilməsinə yönəlib.

Təsadüfi deyil ki, “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib. Əvvəlki illə müqayisədə Azərbaycan 32 pillə yüksəlməklə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Bəs biznes nümayəndələri özləri nə düşünürlər? Bu il Avropa-Azərbaycan biznes forumu tərəfindən dərc olunmuş “2020-ci ildə Azərbaycanda işgüzar mühit barədə 5-ci hesabat” bu baxımdan kifayət qədər məlumatverici və faydalıdır. Hesabat Azərbaycanda fəaliyyət göstərən 400-ə yaxın Avropa şirkəti, habelə biznes əməliyyatları əsasən Avropa ilə əlaqəli olan Britaniya şirkətləri və azərbaycanlı sahibkarlar arasında aparılmış sorğuya əsaslanır. Onlar Azərbaycanda böyük bir sərmayədar qrupunu təşkil edirlər və əksəriyyəti milli iqtisadiyyatın şaxələndirilməsi üçün strateji əhəmiyyətə malik olan qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən kiçik və orta müəssisələrdir.
Bu şirkətlərin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün ölkəmizi yenidən seçmək niyyətində olduqlarını bildiriblər.
Hesabata görə, koronavirus pandemiyasının dünyanı qeyri-müəyyənlik və qlobal iqtisadi sarsıntılarla üz-üzə qoyduğu bir dövrdə xüsusi əhəmiyyət kəsb edən iqtisadi siyasətin proqnozlaşdırılma imkanı biznes strukturları tərəfindən yüksək qiymətləndirilib.

Belə ki, Avropa şirkətlərinin 75%-i pandemiyanın nəticələrini minimuma endirməyə yönəlmiş dövlət dəstəyi tədbirlərindən tamamilə razı olduqlarını bildirib.
Avropalı biznesmenlər vergi qanunvericiliyinə edilmiş son dəyişiklikləri yüksək qiymətləndirib və vergi xidmətinin İqtisadiyyat Nazirliyinə verilməsindən sonra bu istiqamətdə müsbət dəyişikliklər gözlənilir. Xüsusilə həm vergi güzəştləri, həm də vergi sistemində elektron prosedurların tətbiqi müsbət qiymətləndirilib.
Hesabatda qeyd olunur ki, 2020-ci ildə Azərbaycanda biznes mühiti əhəmiyyətli dərəcədə dəyişib və buna həm qlobal, həm də yerli amillər, məsələn, koronavirus pandemiyası və Dağlıq Qarabağdakı hərbi əməliyyatlar təsir edib. Hazırkı çətinliklərə baxmayaraq, Avropa şirkətlərinin Azərbaycan iqtisadiyyatına inamı qalmaqdadır. Əvvəlki illərdə olduğu kimi, şirkətlər Azərbaycanda siyasi və sosial sabitliyə ən yüksək qiyməti verib.
“Bu göstərici bir neçə ildir ki, Aİ-nin biznes mühiti hesabatlarında zirvədə qalır. Bu, şirkətlərin Azərbaycan hökumətinin siyasətinə olan etimadının kifayət qədər yüksək olduğunu təsdiqləyir”, – hesabatda deyilir.
2020-ci ildə karantin rejimi və onunla əlaqəli tədbirlər vergilər də daxil olmaqla dövlət sektorunun rəqəmsallaşmasını təşviq edən əlavə katalizatora çevrilib. Avropa şirkətləri onlayn vergi bəyannaməsini istifadə etmək imkanının hesabat prosedurlarının zaman baxımından səmərəliliyini artırdığını təsdiqləyib. Biznesmenlər hesab edirlər ki, vergi sistemində rəqəmsallaşmanın daha da genişləndirilməsi və onun çox sayda yerli şirkət tərəfindən istifadə edilməsi “kölgə iqtisadiyyatı”nı kiçildəcək və Azərbaycanda işgüzar mühiti yaxşılaşdıracaq.

Şirkətlər 2019-cu illə müqayisədə infrastruktur və gömrük tarifləri kimi sahələrdə də müsbət dinamikanı qeyd edir və maliyyə vəsaitlərinin əlçatanlığının təmin edilməsi, dövlət satınalmalarında şəffaflığın artırılması və korrupsiyanın aradan qaldırılması istiqamətində islahatların aparılmasının vacibliyinə diqqət yetirir.
Xarici investorların qarşılaşdıqları bəzi çətinliklərə baxmayaraq, onların əksəriyyəti Azərbaycandakı gələcəyinə nikbin baxır. Belə ki, sorğuda iştirak etmiş şirkətlərin demək olar ki, 50%-i yaxın bir neçə ildə ölkədəki fəaliyyətini genişləndirməyi, 25%-i isə fəaliyyətlərini mövcud imkanları daxilində davam etdirməyi planlaşdırır.
Avropa şirkətləri həmçinin əmindir ki, Azərbaycanın azad edilmiş əraziləri üzərində dövlət nəzarətini bərpa etməsi həm əhali, həm də ölkə iqtisadiyyatı üçün danılmaz əhəmiyyətə malikdir. Onlar xüsusilə azad edilmiş torpaqların iqtisadiyyatını bərpa etmək üçün sərmayələrin cəlb edilməsi üçün Azərbaycanda iqtisadi islahatların dərinləşdirilməsinin zəruriliyinə diqqət yetirirlər. Şirkətlərin özləri kənd təsərrüfatı, mülki və sənaye obyektlərinin tikintisi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, yol infrastrukturunun bərpası və s. kimi sahələrdə yeni layihə və sərmayə imkanları ilə maraqlanırlar.


Tarix: 3-05-2021, 10:53 Oxunub: 160


Bölməyə aid digər xəbərlər