
Bu şəkil Qırğızıstanın paytaxtı Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sessiyasında çəkilib.
Fotoda görünən şəxsləri hamınız tanıyırsınız: Azərbaycanın dövlət başçısı İlham Əliyev, Hindistanın baş naziri Narendra Modi, Rusiya lideri Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyev.
Göründüyü kimi, onlar dəhlizlə nəzərdə tutulmuş məkana dorğu irəlilərkən, prezident İlham Əliyev danışır, digər liderlər ciddi sifət və diqqətlə qulaq asırlar.
Bu şəxslərin təmsil etdikləri dövlətlərdən ikisi dünyanın, biri isə regionun nəhəng dövlətidir. Narendra Modi 1,47 milyard insana rəhbərlik edir. Vladimir Putinin rəhbərlik etdiyi Rusiya ərazisinə və maddi resurslarına dünyada birinci, nüvə arsenalına görə ikinci dövlətdir. Şavkat Mirziyoyevin Özbəkistanı isə Orta Asiyanın incisidir, sürətlə inkişaf etməkdə olan, 40 milyona yaxın əhaliyə malik ölkədir.
Bu şəkil ondan xəbər verir ki, artıq Azərbaycanın imzası imzalar içindədir. Artıq onu təmsil edən siyasətçilər qlobal toplantılarda bir kənarda dayanmırlar, hadisələrin mərkəzində episentrində olurlar və onların sözlərinə qulaq verilir, diqqət kəsilir.
Belə görüşlərin, dialoqların əhəmiyyəti ona görə böyükdür ki, arada baş verən anlaşılmazlıqların, müəyyən gərginliklərin çözülməsinə yardımçı olur.
Məsələn, ötən il Pakistan və Hindistanın arasında başlanan raket müharibəsi zamanı Azərbaycanın öz mövqeyini mərdi-mərdanə şəkildə izhar etməsi Hindistanla Azərbaycanın arasında soyuqluq yaratmışdı. Prinsipcə, bu görüş və dialoq həmin yüngülvarı anlaşılmazlığın sonunu gətirməlidir. Eləcə də Rusiya ilə ölkəmizin arasında zaman-zaman qabaran gərginliklər belə görüşlərdə zəifləməyə başlayır.
Hər bir halda, bu fotoşəkil onun göstəricisidir ki, Azərbaycan liderinin beynəlxalq nüfuzu, sözünün çəkisi bir çoxlarının düşündüyündən daha ötədir.musavat.com







































