Day, Month 00, Year
00: 00: 00 AM
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB+FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev dedi:
-Xoş gəlmisiniz.
Akif Çağatay Kılıç: Xoş gördük cənab Prezident, necəsiniz?
Prezident İlham Əliyev: Çox sağ olun. Şadam sizi görməyimə.
Akif Çağatay Kılıç: Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik.
Prezident İlham Əliyev: Sizin səfəriniz, əlbəttə, böyük önəm daşıyır. Çünki parlamentlərarası əlaqələrimiz də çox uğurla inkişaf edir. Həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir yerdəyik, bir-birimizi dəstəkləyirik. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi. Bu, təbiidir. Çünki iki qardaş ölkə daim bir-birinin yanındadır. Əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan bizə verdiyi siyasi və mənəvi dəstək, əlbəttə ki, bizi çox ruhlandırdı. Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin rəhbəri hörmətli Mustafa Şentop və parlament üzvləri də bizə həmrəylik və dəstək göstərmişlər. Yəni, bu müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır, nə qədər bir-birinə sevgi ilə və hörmətlə yanaşır. Bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə də əziz qardaşım hörmətli Prezident Azərbaycan haqqında, bizim Zəfərimiz haqqında çox gözəl sözlər demişdir. Bildiyiniz kimi, bu Zəfəri qeyd etmək üçün ötən ilin sonunda Bakıda hərbi parad keçirilmişdir.
Onu da bildirməliyəm ki, Türkiyənin mətbuatı, bütün ictimai qurumları bu müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdilər. Biz bunu çox yüksək qiymətləndiririk. Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq. Sizi bir daha ürəkdən salamlayıram. Xoş gəlmisiniz.

x x x

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç dedi:
-Hörmətli cənab Prezident, əvvəlcə mən də hörmətli Prezidentimizin Sizə salam və sevgilərini çatdırmaq istəyirəm. Həmçinin Məclis sədrimizin də Sizə sevgi, salam və ehtiramları var. Təbii ki, biz Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvləri olaraq, Sizin böyük Zəfərinizdən həm çox məmnunluq duyuruq, həm də bu mənada birlik və bərabərliyimizi bir daha göstərmək üçün Sizi ziyarət etmək istədik. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk.
Cənab Prezident, Türkiyə Böyük Millət Məclisində Sizin bu uğurunuzu, bu liderliyinizi və Siz də dediyiniz kimi, bölgənin tarixində dönüş nöqtəsi olan bu mübarizənizi dəstəkləyən dörd siyasi partiyanın, - bilirsiniz, Türkiyə Böyük Millət Məclisi bu barədə bəyanat qəbul etdi, - təmsilçiləri olaraq buradayıq.

xxx

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına və parlamentinin sədrinə çatdırmağı xahiş etdi.
 
17:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.


Tarix: 9-03-2021, 18:51 Oxunub: 167


Bölməyə aid digər xəbərlər