11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
14:14 / 20-11-2024
13:07 / 20-11-2024
13:02 / 20-11-2024
12:57 / 20-11-2024
12:45 / 20-11-2024
12:41 / 20-11-2024
11:09 / 20-11-2024
Sahibkartv.az saytı olaraq bu gündən oxucularımıza yeni bir rubrika təqdim edirik – “Regional inkişaf sahibkar baxışı ilə”. Bu rubrikada respublikamızın rayon və bölgələrində yerli icra strukturları tərəfindən görülən işlər həmin ərazilərdə fəaliyyət göstərən iş adamlarının nəzər nöqtəsindən təhlil olunacaq, regionların inkişafına dair dövlət proqramlarının icrasının effektivliyi yerli sahibkarlar tərəfindən qiymətləndiriləcək. Rubrikamızın ilk qonağı isə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Goranboy rayon nümayəndəliyinin sədri Rüstəm Nağıyevdir.
- Rüstəm müəllim, xoş gördük Sizi. Çox sağ olun ki, işlərinizin bu qızğın çağında bizə vaxt ayıra bildiniz.
- Siz də rayonumuza xoş gəlmisiniz. Həqiqətən də bu gün ölkəmizin bütün digər bölgələrində olduğu kimi, bizim Goranboy rayonunda da hər zaman olduğundan daha böyük bir canlanma var. Bütün sahələrdə, istər abdlıq-quruculuq işləri olsun, istər istehsalat, kənd təsərrüfatı və ya xidmət sahəsi – hər yerdə insanlarımız əzmlə çalışırlar, hər kəs həm özünün rifah yüksəlişi, həm də dövlətimizin daha da zənginləşməsi, daha da güclənməsi naminə böyük səylər göstərir. Bununla belə hesab edirəm ki, vaxtaşırı görülən işlər barədə mətbuata hesabat xarakterli məlumatların təqdim olunması da çox vacib və xeyirli bir işdir. Vacibdir ona görə ki, görülən işlər barədə aydın təsəvvürə sahib olmaq hər bir vətəndaşın haqqıdır və xeyirlidir ona görə ki, bu məlumatların ictimailəşdirilməsi ilə görülən işlərin şəffaflığı, obyektiv qiymətləndirilməsi bir qədər də daha artıq təmin olunur.
- Tamamilə Sizinlə razıyam və elə bilirəm ki, artıq vaxt itirmədən birbaşa müsahibəmizə keçid ala bilərik. Rüstəm müəllim, az öncə dediniz ki, bu gün Goranboy rayonunda bütün sahələrdə xüsusi bir canlanma müşahidə olunur. Bəlkə bu fikrinizi bir qədər açıqlayasız...
- Əlbəttə ki, həm də böyük məmnuniyyətlə. Əslində bu canlanma nə bugünün, nə dünənin, nə də bu ilin təzahürü deyil. Bu canlanma, bu ruh yüksəkliyi artıq iki ildir ki, təkcə bizim rayonda deyil, bütün ölkədə yaşanır. Səbəb də təbii ki, bizim tarixi Qələbəmizdir. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində Azərbaycanın rəşadətli Silahlı Qüvvələri Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı və tarixi Zəfərlə sona çatdırdığı Vətən müharibəsinin nəticəsi olaraq 30 il işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Razılaşın ki, bu tarixi hadisə bir ömür yüksək əhval-ruhiyə ilə yaşamaq üçün tükənməz stimuldur. Bu gün respublikamızın bütün rayon və bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işləri həyata keçirilir. Uzun illər düşmən tapdağı altında qalan torpaqlarımıza həyat yenidən qayıdır. Budur yaşanan ümumxalq sevincinin səbəbi və mən əminəm ki, bundan sonra bizim xalqımızı gələcəkdə yalnız xoşbəxt, sevincli və firavan günlər, illər gözləyir.
- Əslində ilk sualımı bir qədər fərqli istiqamətdən nəzərdə tutmuşdum, amma indi ki, söhbət quruculuqdan düşdü, gəlin elə bu mövzunu davam etdirək. Goranboyda insanların həyat şəraitnin yaxşılaşdırılması istiqamətində bu gün hansı addımlar atılır?
- Tam səmimiyyətlə və tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Goranboy rayonunda həm iqtisadi göstəricilər durmadan yüksəlir, həm yenidənqurma işlərinin vüsəti və əhatə dairəsi getdikcə artır, həm də əhalinin sosial rifah səviyyəsi sürətlə qalxır. Xüsusilə son üç ildə rayon iqtisadiyyatının bütün sahələrində dinamik inkişaf müşahidə olunmaqdadır. O cümlədən rayon ərazisinin abadlaşdırılması, yol infrastrukturunun yenilənməsi, ətraf mühitin yaxşılaşdırılması ilə bağlı məsələlər rayon rəhbərliyi tərəfindən xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Mən statistik məlumatlarla, quru rəqəmlərlə nə Sizi, nə də oxucularınızı yormaq istəmirəm. Amma inanın ki, sadəcə bu ilin ilk 6 ayının nəticələri ilə tanış olsaz, artıq heyrətə gələrsiz. Mən yalnız müxtəlif sahələri əhatə edən bir neçə faktı diqqətinizə çatdırım. Məsələn, təhsil sahəsini götürək. 13 yanvar 2022-ci il tarixdə Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbinin tikintisi yekunlaşaraq şagirdlərin istifadəsinə verilib. Hazırda Dəliməmmədli şəhər tam orta məktəbində aparılan tikinti işləri, eyni zamanda rayonun Qaraçinar və Tap Qaraqoyunlu kənd tam orta məktəblərində aparılan əsaslı təmir işləri yeni dərs ilində başa çatdırılaraq şagirdlərin istifadəsinə veriləcək. Rayonun qəzalı vəziyyətdə olan Səfikürd, Qızılhacılı 1 saylı, Boluslu, Qırıxlı, Goranboy şəhər 2 saylı məktəblərində təmir tikinti işlərinin aparılması planlaşdırılır. Sonra, götürək içməli su təchizatını. Yəqin ki, Siz də bilirsiz, bu sahə rayonumuzda hər zaman problemli olub. Amma indi bu problemlər davamlı şəkildə öz həllini tapır. Rayonun əhalisini içməli su ilə təmin edən Sukanal Sahəsi bu gün 7488 abonentə xidmət göstərir. Bu gün Goranboy rayonunda və Murovdağ-Goranboy su kəmərinin ətrafında olan yaxın kəndlərdə yaşayan abonentlərə içməli su 24 saat fasiləsiz verilir. Son aylarda yağan leysan yağışların təsiri nəticəsində Qara-Goran çayında suqəbuledici və təmizləyici anbar tamamilə istismara yarasız vəziyyətə düşmüşdü. Rayon İcra Hakimiyyəti və Su Kanal Sahəsinin birgə fəaliyyəti nəticəsində nasazlıq aradan qaldırılmış, hazırda əhaliyə içməli su verilməsində heç bir problem yoxdur. Həmçinin rayonun bütün kəndlərində bu məsələlər ardıcıl şəkildə həll olunur. Bu yaxınlarda 186 təsərrüfatdan ibarət olan Qazanbulaq qəsəbəsində 196 abonenti fərdi qaydada dayanıqlı içməli su təchizatı ilə təmin edəcək 7 kilometr uzunluğunda olan mərkəzləşdirilmiş içməli su şəbəkəsi yenidən qurulmuş, əsas və daxili su boruları yenilənmişdir. Yaxın vaxtlarda fərdi qaydada sayğacların quraşdırılması prosesinə başlanılması nəzərdə tutulmuşdur. Yəni, bir də deyirəm, bütün görülən işlər barədə təfsilatı ilə danışmaq üçün saatlar lazımdır. Amma əsas olanı bu deyil, əsas odur ki, insanlarımız Rayon İcra Hakimiyyətinin timsalında dövlətin diqqətini və qayğısını açıq-aşkar hiss edirlər.
- Bəs sahibkarlar necə, onlar da bu qayğını özlərinə münasibətdə duya bilirlərmi?
- Hə, deyəsən yavaş-yavaş keçid edirik bilavasitə mənim də təmsil etdiyim sahəyə (gülür). Bilirsiniz ki, mən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Goranboy rayon nümayəndəliyinin sədriyəm. Bu isə o deməkdir ki, yerli sahibkarların, iş adamlarının qayğı və problemlərindən xəbərdar olmaq, rayonumuzda əlverişli biznes mühitinin mövcud durumu barədə məlumatlı olmaq mənim birbaşa vəzifə borcumdur. Bu baxımdan ilk növbədə deməliyəm ki, Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb. İnanın ki, istər yeni sahibkarlıq subyektlərinin açılması, istər artıq işləyən müəssisələrin problemsiz fəaliyyət göstərə bilməsi üçün bütün dövlət qurumları və ilk növbədə Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Bir neçə faktı diqqətinizə çatdırım. Bu ilin ilk altı ayı ərzində rayonda “Medlife Hospital”ın tikintisinə 5 milyon manat investisiya qoyulub, ilin sonuna kimi Hospitalın fəaliyyətə başlaması və 232 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Muzdurlar kəndində fəaliyyət göstərən “Umud Aqro” və “AK Petrol” müəssisələrinin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə əlavə 1 milyon manat investisiya qoyulub və daimi iş yerlərinin sayı 50 nəfərə çatdırılıb. Ümumilkdə, 6 ay ərzində 61 daimi iş yeri açılıb ki, onların da əksəriyyəti təbii ki, özəl sektorun payına düşür. Mövsümi iş yerlərinin sayı isə 3000-dən çox olub. Bundan başqa, mənim şəxsən şahidi olduğum daha bir neçə epizod. Bir müddət əvvəl rayonun Borsunlu kəndində bir ticarət obyekti, Qızılhacılı kəndində daha bir sahibkarlıq obyekti və Tapqaraqoyunlu kəndində bir fermer təsərrüfatının yaradılması üçün İcra Hakimiyyətinə müraciətlər olunmuşdu. Hər üç müraciətə dərhal, operativ şəkildə baxıldı və heç bir süründürməçiliyə yol verilmədən müvafiq müsbət qərarlar verildi. Yəni bu gün Goranboyda sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait və ən əsası, dövlətin dəstəyi var və bu, danılmaz faktdır. Əgər belə olmasaydı biz nə belə investisiya qoyuluşlarını, nə də yeni iş yerlərinin açılışını görə bilməzdik.
- Rüstəm müəllim, əlbəttə ki, bu günün ən vacib mövzularından biri də şəhid ailələri, müharibə veteranları və qazilərə göstərilən dövlət qayğısı ilə bağlıdır. Goranboy Rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə nə deyə bilərsiniz?
- Birmənalı olaraq deyə bilərəm ki, bu gün Goranboyda Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq Sərəncam və tapşırıqlara ciddi şəkildə əməl olunur. Təbii ki, ilk növbədə şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərinə diqqət və qayğının daha da artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin Goranboyda da layiqincə reallaşdırılması üçün rayon rəhbərliyi tərəfindən bütün lazım olan addımlar atılır. Rayonumuzda Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə qazilərinə böyük diqqət və qayğı göstərilməkdədir. Ölkə Prezidentinin şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonda davamlı olaraq operatv işlər görülür, bu məsələlər hər zaman rayon rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılır. Həm də bu istiqamətdə görülən tədbirlər Goranboyda artıq müxtəlif ənənələrin yaranmasına səbəb olmuşdur. Belə ənənələrdən biri də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin doğum günlərində onların məzarlarını və ailələrini ziyarət etmək olub. Həmçinin demək lazımdır ki, bu gün şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Goranboy rayonunda və rayonun kənd və qəsəbələrində Abidə Kompleksləri, Bulaqlar və Xatirə guşələri yaradılır. O cümlədən bir müddət əvvəl Goranboy şəhərində açılışı olmuş Şəhidlər Abidə Kompleksi də məhz şəhid ailələrinin rayon rəhbərliyinə müraciətləri əsasında, yeni layihə və memarlıq-arxitektura üslubunda inşa edilmişdir. Bu gün isə həmin Kompleks artıq bütün goranboyluların müqəddəs ziyarətgahına çevrilib. Ümumiyyətlə Goranboy RİH-nin rəhbərliyi və məsul işçiləri tərəfindən mütəmadi olaraq birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri, qazilər öz evlərində ziyarət edilir, onların sosial qayğıları öyrənilir, problem və ehtiyaclarının ödənilməsi istiqamətində operativ tədbirlər görülür. Bu məsələlər Goranboy rayon İcra Hakimiyyətində keçirilən Aparat müşavirələrində də hər zaman ətraflı müzakirə olunur. Bu müşavirələrdə vətəndaş müraciətlərinə baxılması, xüsusən də şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, yerlərdə səyyar qəbulların təşkili ilə bağlı konkret qərarlar qəbul edilir.
- Rüstəm müəllim, sonuncu sualım bir qədər şəxsi xarakterli kimi görünə bilər. Səhv etmirəmsə, Siz ixtisasca həm də bizim həmkarımızsınız. Bu baxımdan, Goranboyun ictimai-siyasi həyatının ölkə mətbuatında hansı dərəcədə işıqlandırılmasından, rayonda gedən proseslər barədə KİV-lərdə yaımlanan məlumatların obyektivliyindən razısınızmı?
- Bəli, düz qeyd etdiniz, mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. İxtisasım üzrə işləməsəm də bu peşəyə hər zaman böyük hörmətlə münasibət saxlamışam. Rayonumuz barədə ölkə mətbuatında dərc olunan materiallara gəlincə isə, ümumi götürəndə bəli, həmkarlarımızın həm peşəkarlıq, həm də obyektivlik baxımından işlərindən razıyam. Amma əlbəttə ki, arada müəyyən istisnalar da olur. Nə gizlədim, bəzən bu və ya digər saytın səhifələrində rayonumuz barədə həqiqətə qətiyyən uyğun olmayan iddiaların, bəzən isə açıq iftiraların dərc olunmasını görəndə çox pərişan oluram. Həm də mənə ən çox təsir edən bilirsiz nə olur? Bir çox hallarda həmin yazıları öz saytında dərc edən müxbir və ya redaktor heç özü də bilmir ki, bu böhtan kampaniyalarını sifariş edən əslində kimdir. Amma biz bilirik axı. Çünki biz bu rayonda yaşayırıq, biz burda gedən proseslərin bilavasitə iştirakçılarıyıq. Bəzən olur ki, kimsə bir vaxtlar Rayon İcra Hakimiyyətində hansısa vəzifədə çalışıb, sonradan öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün ya işdən çıxarılıb, ya da özü ərizəsini yazıb gedib. Sonra da başlayıb öz səriştəsizliynin, məsuliyyətsizliyinin günahını başqalarında axtarmağa. Bu axtarışların da nəticəsi bəzən mətbuatda dərc olunan böhtan xarakterli yazılarda öz təzahürünü tapır. Bəzən isə daha ağlagəlməz hallar baş verir. Bir də görürsən ki, müxtəlif qanun pozuntuları səbəbilə bir neçə dəfə məhkum edilmiş, rayonun inkişafına indiyədək zərrə qədər olsun bir töhfəsi olmamış, yaşadığı rayonun, kəndin ictimai həyatından, problemlərindən xəbəri belə olmayan birisi başlayır kimisə tənqid etməyə, kimnənsə şikayət etməyə. Əlbəttə ki, belə hallar şox təəssüf doğurur və mən fürsətdən istifadə edib bir daha bütün həmkarlarımızdan (ümid edirəm ki, özümü də sizin topluma aid etdiyimə görə məni qınamazsız) artıq dərəcədə xahiş edərdim ki, belə məqamlarda ayıq-sayıq və bir qədər həssas olsunlar. Ümumilikdə isə, yenə deyirəm, rayonumuzda gedən proseslərin ölkə mətbuatında işıqlandırılmasından çox razıyam. Bunu da deyim ki, mənim şəxsən ölkənin tanınmış jurnalistləri arasında dostlarım çoxdur və ümid edirəm ki, Sizi də onların sırasına aid edə bilərəm.
- Əlbəttə, buna heç bir şübhəniz olmasın. Mən də ilk növbədə səmimiyyətinizə görə və əlbəttə ki, dolğun, əhatəli müsahibənizə görə Sizə minnətdaram, çox sağ olun.
- Siz də sağ olun.
Müsahibəni apardı: Azər MƏMMƏDOV
Fotoşəkilləri təqdim edirik:
Bölməyə aid digər xəbərlər