Day, Month 00, Year
00: 00: 00 AM
SOCAR-ın prezidenti BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti ilə görüşüb - FOTO

SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrelli qəbul edib.
Dövlət Neft Şirkətindən Sahibkartv.az-a verilən məlumata əsasən, bir neçə il bundan öncə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsini icra etmiş Qordon Birrelli səmimi salamlayan SOCAR prezidenti onun yeni vəzifəsində uğurla fəaliyyət göstərməsindən məmnunluğunu bildirib.
Görüşdə SOCAR və BP tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub.
Abşeron yarımadasının dayazsulu hissəsində aparılan kəşfiyyat qazmasının gedişatı, həmçinin Azərbaycanda qaz hasilatının müxtəlif mənbələr hesabına daha da artırılması, yerli və qlobal qaz bazarının artan tələbatının ödənilməsində bunun əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.
BP-nin vitse-prezidenti təmsil etdiyi şirkətin Azərbaycanın neft-qaz sektorunda hələ uzun müddət fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP ilə həyata keçirilən birgə layihələrin inkişaf etdirilməsi əzmindən söz açıb, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasının dövlət və şirkət üçün prioritet olduğunu vurğulayıb.
Tərəflər hazırkı mərhələdə AÇG layihəsi çərçivəsində aparılan hasilat-istismar işlərinin müvəffəqiyyətlə davam etdirildiyini nəzərə çatdırıb, yeni inşa olunmuş ACE özülünün yaxın aylarda dənizə yola salınması məsələsini müzakirə ediblər.
Eyni zamanda qonaqlara SOCAR-da istismar müddəti başa çatan dəniz özüllərinin davamlıq və texniki göstəricilərini artırmaq məqsədi ilə tətbiq olunan yeni texnoloji həllər haqqında məlumat verilib, qeyd edilib ki, SOCAR, yeni strategiyasına uyğun olaraq, şirkətin dənizdəki neft və qaz infrastrukturunda istifadə olunan enerjinin gələcəkdə qaz əvəzinə tədricən külək enerjisi kimi bərpa olunan mənbələr hesabına təminatı imkanlarını araşdırır.
Görüşdə iki şirkət arasında Xəzərin Azərbaycan sektorunda bu istiqamətdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.


Tarix: 26-10-2021, 12:27 Oxunub: 227


Bölməyə aid digər xəbərlər