Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR rəhbərliyi “Günəşli” yatağında təmir olunan 4 saylı dərin dəniz özülünə səfər edib - FOTO

Baxış: 276

Oktyabrın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Günəşli” yatağının 4 saylı dərin dəniz özülündə aparılan kompleks təmir işləri ilə tanış olmaq məqsədi ilə özülə baxış keçiriblər.
Məlumat verilib ki, aparılmış diaqnostikanın nəticələrinə əsasən, 2021-ci ilin aprelində özülün dayaq blokunda və suüstü elementlərində təmir işlərinə başlanıb. Dayaq blokunun 54 ayağından 18-i daha çox korroziyaya uğradığı üçün ilk növbədə onların gücləndirilməsi həyata keçirilir.
Sualtı təmizləmə və kəsmə işləri dalğıclar tərəfindən yerinə yetirilir. Özülün su səthindən yuxarıda qalan hissəsində təmir işləri SOCAR-ın mütəxəssisləri tərəfindən aparılır. Burada istifadə olunan xamutların yarımboruları “SOCAR-STP” şirkəti tərəfindən hazırlanır, sonra Zığ sahəsində yığılaraq özülə nəql olunur.
Suüstü elementlərdə istifadə olunan yarımboruları isə SOCAR-ın “BOS Shelf” şirkəti inşa edir. Artıq beş ayaqda xamutlar quraşdırılıb, doqquzunda bu proses davam edir, üçündə isə sementləmə işləri aparılır. Dayaq blokunun korroziyaya uğramış suüstü rabitə xətləri dəyişdirilir və yenilənir.
Qeyd edək ki, “Günəşli” yatağındakı 4 saylı dərin dəniz özülü 1984-cü ildə fəaliyyətə başlamışdır. Özüldə ümumilikdə 20 quyu qazılmışdır. Bunlardan 10 quyu (9 neft və 1 qaz quyusu) bu gün də istismar olunmaqdadır. Özüldə gündəlik 265 ton neft və 1 ton kondensat hasil edilir. Gündəlik hasil olunan 108 min kubmetr qazın 44 min kubmetri təbii qaz, qalan 64 min kubmetri isə səmt qazıdır. Günəşli yatağının 4 saylı özülü üzərindən eyni zamanda digər özüllərdən də neft və yüksək təzyiqli qaz qəbul edilərək, ilkin texnoloji proseslər aparılmaqla Neft Daşlarına nəql edilir.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.